SİYASƏT


İstanbulda Qarabağ Zəfərinə gedən yolda dəstək göstərən media nümayəndələri ilə görüş keçirilib VİDEO

İstanbul, 29 yanvar, AZƏRTAC

Yanvarın 29-da İstanbulda Vətən müharibəsi və daha əvvəl Qarabağ Zəfərinə gedən yolda dəstək göstərən media nümayəndələri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Türkiyədəki səfirliyi, ölkəmizin İstanbuldakı baş konsulluğu, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu və Qars-Ərdahan-İğdır İnkişaf Vəqfinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.

Mərasimdə Qars müqaviləsinin 100-cü ildönümü perspektivləri, Türkiyə-Azərbaycan əməkdaşlığı, Şuşa Bəyannaməsi və Zəngəzur dəhlizi başda olmaqla, Ermənistanla normallaşma dövrü kimi bir sıra mövzularda müzakirələr aparılıb.

Tədbirdə çıxış edən Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri professor Aygün Attar, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım Ermənistanın Azərbaycana qarşı uzun illər davam edən təxribatları və işğalçılıq siyasəti, hazırda davam edən normallaşma prosesi, Azərbaycan dövləti tərəfindən Qarabağda aparılan bərpa-quruculuq işləri haqqında danışıblar.

Bildirilib ki, Prezident İlham Əliyevin apardığı çox doğru hərbi və diplomatik siyasət nəticəsində Azərbaycan Vətən müharibəsində qalib gələrək bölgədə sülhü bərqərar edib. Bu Zəfər yalnız döyüş meydanında deyil, həm də informasiya cəbhəsində qazanılıb. 44 günlük Vətən müharibəsi başa çatsa da, hazırda diplomatik yollarla iki ölkə arasında normallaşma prosesi davam edir.

Qars müqaviləsi haqqında danışan natiqlər bu sənədin bölgə ölkələrinin ərazi bütövlüyü, anlaşmanın müddəalarının yerinə yetirilməsinin isə regionda davamlı sülhün təmin olunması baxımından əhəmiyyətini vurğulayıblar.

Çıxışlarda Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin hər iki dövlət kimi, bölgə və dünya üçün də əhəmiyyəti xüsusi qeyd edilib, Şuşa Bəyannaməsinin bu qardaşlıq əlaqələrinə hüquqi güc qazandıran sənəd olduğu vurğulanıb.

Qarabağ müharibəsindən sonra fəaliyyətə başlayan "YAŞAT" Fondunun şəhid ailələri və qazilərə göstərilən dövlət dəstəyindəki rolu xüsusi vurğulanıb.

Mərasimdə "YAŞAT" Fonduna ianə edənlərə xüsusi plaketlər təqdim olunub.

Tədbirdə QHT-lərin, siyasi partiyaların təmsilçiləri, Türkiyənin incəsənət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Mərasimdə Azərbaycan musiqisindən nümunələr səsləndirilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.