DÜNYA
İstanbulda karantin qaydalarını pozaraq yürüş etmək istəyən 212 nəfər saxlanılıb
İstanbul, 1 may, AZƏRTAC
Türkiyədə tətbiq edilən karantin qaydalarını pozaraq 1 May Əmək və Həmrəylik Günü münasibətilə İstanbulun Taksim Meydanında yürüş etmək istəyən 212 nəfər saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İstanbul Valiliyindən bildirilib.
Qeyd edilib ki, Türkiyədə fəaliyyət göstərən HAK-İŞ, TÜRK-İŞ, Birləşmiş Dövlət İş konfederasiyaları, Vətən Partiyası və bir sıra digər qurumlar tərəfindən 1 May Əmək və Həmrəylik Günü münasibətilə Taksim Meydanında tədbir keçirilməsi ilə bağlı valilikdən rəsmi icazə alınıb. Bu icazə çərçivəsində adıçəkilən qurumlar tərəfindən meydanda əvvəlcədən müəyyən edilmiş saatlarda məhdud sayda insanla anım tədbirlərinin keçirilməsi nəzərdə tutulmuşdu.
Lakin, ölkədə tam qapanma ilə əlaqədar qəbul edilən qərarları pozaraq və təhlükəsizlik qüvvələri tərəfindən edilən bütün xəbərdarlıqlara baxmayaraq nümayiş keçirmək üçün adıçəkilən ərazidə toplanan 212 nəfər saxlanılıb. Onlar barəsində hüquqi cəza tətbiq edilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul