ELM VƏ TƏHSİL
İstehkam tipli abidələrin tədqiqində professor Qafar Cəbiyevin əməyi danılmazdır
Bakı, 27 iyul, AZƏRTAC
Azərbaycanın ilk orta əsrlər arxeologiyasının tədqiqi ilə məşğul olan, bu sahədə elmi əsərləri ilə seçilən arxeoloq alim, professor Qafar Cəbiyev özünəməxsus məktəb yaradıb. Bu məktəbin məzunu kimi deyə bilərəm ki, tədqiqatlarımda hər zaman onun məsləhətlərindən faydalanıram.
Bunu AZƏRTAC-a açıqlamasında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Taleh Əliyev deyib. O bildirib ki, Azərbaycanın ilk orta əsrlər arxeologiyasında əsas məsələlərdən biri də müstəhkamların, yəni istehkam tipli abidələrin öyrənilməsidir. Bu dövrə aid eyni tip abidələrin tədqiqində Qafar Cəbiyevin əməyi danılmazdır. Avropa arxeologiyasında ayrıca bir mövzu olan bu araşdırmalar müasir Azərbaycan arxeologiyasında da artıq ixtisaslaşmaya doğru irəliləyir. Arxeologiyada “qala-şəhər” termini ilk orta əsrlər arxeologiyası üçün səciyyəvidir və bunu məhz Qafar Cəbiyev öz sistemli arxeoloji tədqiqatları ilə göstərib. Təkcə Torpaqqala (Bəyimli) abidəsinin arxeoloji baxımdan öyrənilməsi buna bariz nümunədir.
Professor Q.Cəbiyevin elmi fəaliyyətində Girdiman tarixinin və tarixi coğrafiyasının, eləcə də Girdimanın antik və ilk orta əsr abidələrinin tədqiqi özünəməxsus yer tutur. Q.Cəbiyev vətənpərvər alim, albanşünas və girdimanşünas tədqiqatçı, ən başlıcası, dəyərli insani xüsusiyyətləri ilə seçilən bir şəxsiyyətdir. Albaniyanın tarixi coğrafiyası və onun əyalətlərinin-vilayətlərinin ayrı-ayrılıqda sistemli şəkildə öyrənilməsi də onun məktəbinin məhsuludur. Bu məktəbin yetirməsi kimi hazırda mən də Qafar müəllimin rəhbərliyi və elmi məsləhətləri ilə Qafqaz Albaniyasının Kambisena əyalətinin tarixi, tarixi coğrafiyası və arxeoloji abidələrini öyrənirəm. Professor gənc arxeoloqlar yetişdirməklə yanaşı, Azərbaycan elminə həm də əsl vətənpərvər elmi tədqiqatçılar bəxş edir. Onu 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm.