CƏMİYYƏT
İstirahətə hazırlıqlı gedin: Leysan yağacaq
Bakı, 1 iyun, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Böyük və Kiçik Qafqaz bölgəsində iki gün ərzində əlverişsiz hava şəraiti müşahidə olunacaq, fasilələrlə leysan xarakterli yağış yağacaq. Havanın temperaturu dağətəyi rayonlarda 18-23°, dağlıq rayonlarda isə 11-16° isti təşkil edəcək.
Departamentdən AZƏRTAC-a bildirilib ki, Lənkəran-Astara bölgəsində iyunun 2-də arabir yağış yağacaq, 3-də isə yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturunun iyunun 2-də 17-22°, 3-də 20-25° olacağı gözlənilir.
Aran rayonlarında da iyunun 2-də əlverişsiz hava şəraiti müşahidə olunacaq, arabir leysan xarakterli yağış yağacaq, 3-də isə havanın yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu iyunun 2-də 18-23°, 3-də 25-30°-dək yüksələcək.
Naxçıvan Muxtar Respublikasında da arabir yağış yağacağı gözlənilir. Havanın maksimal temperaturunun 21-26° isti olacağı bildirilir.
Paytaxt Bakıda isə iyunun 2-də hava şəraitinin qeyri-sabit, küləkli olacağı, arabir yağış yağacağı gözlənilir. İyunun 3-ü isə yağmursuz hava şəraiti müşahidə olunacaq, zəif cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu iyunun 2-də 17-20°, 3-də 21-23° isti təşkil edəcək .