İQTİSADİYYAT


İsveçin Höteborq şəhərində Ələt Azad İqtisadi Zonasında xarici investorlara yaradılan imkanların təqdimatı keçirilib VİDEO

Höteborq 26 aprel, Rauf Əliyev, AZƏRTAC

Aprelin 26-da İsveçin Höteborq şəhərində Ələt Azad İqtisadi Zonasında xarici investorlara yaradılan imkanların təqdimatı keçirilib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, “Qərbi İsveç Ticarət Palatasının” Ələt Azad İqtisadi Zonası ilə birgə keçirdiyi tədbirdə iqtisadi zonaya maraq göstərən yerli şirkətlərə, investorlara yaradılan investisiya imkanları barəsində ətraflı məlumat verilib.

Tədbirdə çıxış edən Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov iqtisadi zonada investorlar üçün yaradılan imtiyazlar, ərazidə aparılan infrastruktur, inşaat işləri və inkişafyönümlü layihələr haqqında söz açıb. Sözügedən zonada qanuni çərçivələri tənzimləyən Ələt Azad İqtisadi Zonası haqqında müvafiq qanunvericilik və daxili qaydalardan da danışan Valeh Ələsgərov buradakı yaradılmış şəraiti tənzimləyən qanunvericiliyin əsas iqtisadiyyat qanunlarından üstün olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sözügedən qanunvericilik bazasının unikallığını da qeyd edən səlahiyyətli qurumun İdarə Heyətinin sədri, bununla investorlara yaradılan böyük imkanları vurğulayıb. Valeh Ələsqərov investorlar üçün sadələşdirilmiş maliyyə, tikinti, mübahisələrin həlli qaydaları, işə götürmə və digər qaydalara da toxunaraq vurğulayıb ki, Ələt Azad İqtisadi Zonasında məqsəd rəqabətli yüksək əlavə dəyərin ixracyönümlü istehsal müəssələrinin yaradılması və inkişafıdır.

O, habelə layihənin inkişafının ilkin mərhələsini təşkil edən 60 hektar ərazidə aparılan inşaat-quruculuq işləri haqqında da danışaraq böyük maraq səbəbindən ikinci fazada nəzərdə tutulandan daha çox ərazinin artıq ayrıldığını və layihələndirmə işlərinə başlanıldığını diqqətə çatdırıb.

Sonra İsveç-MDB ölkələri Ticarət Palatasının baş direktoru Heinz Sjögren və “Caucasus Consulting Group of Companies” şirkətinin təsisçisi Bəhram Atabəyli Nobel qardaşlarının Azərbaycan-İsveç əlaqələrinin təməlinin qoyulmasındakı tarixi rolu, Azərbaycanda biznes mühiti, İsveç şirkətlərinin Azərbaycan bazarında hazırkı fəaliyyəti barəsində danışıb.

Sonra təqdimatla çıxış edən İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - "AZPROMO" müşaviri Zöhrab Qədirov, ölkəmizdə investisiya imkanları haqqında ətraflı məlumat verib. Azərbaycan hökumətinin ixracın diversifikasiya olunması uğrunda apardığı siyasəti haqqında məlumat verən Zöhrab Qədirov, bunun üçün həyata keçirilən islahatlardan, o cümlədən Azərbaycanın nəqliyyat və digər iqtisadiyyat sahələrindəki layihələrindən danışıb.

Sonra çıxış edən Azərbaycan Respublikasının İsveç Krallığında səfiri Zaur Əhmədov hər zaman ölkəmizdə yatırım etmək niyyətində olan xarici investorlarla əlaqələndirmə ilə bağlı səfirliyimizin dəstəyini verməyə daim hazır olduğunu ifadə edərək, xüsusən Ələt Azad İqtisadi Zonası ilə maraqlananlara lazımi kömək göstəriləcəyini deyib.

Tədbir əsnasında Azərbaycan bazarında 26 il fəaliyyət göstərən “Emtunga” şirkətinin təmsilçisi Rikard Thelander, ölkəmizdəki biznes muhiti haqqında danışıb. Onun sözlərinə görə şirkət ölkəmizin bazarında uzun illər davam edən fəaliyyətindən məmnun olmaqla yanaşı, burada təklif olunan texnoloji həllərin çeşidini artırmağa çalışır.

Tədbir sual-cavab formasında davam edib.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Höteborq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.