CƏMİYYƏT
İsveçrə mətbuatında Novruz bayramına həsr olunan məqalə dərc edilib
Bern, 14 mart, AZƏRTAC
İsveçrə Konfederasiyasının əsas gündəlik mətbu orqanlarından biri olan “Südostschweiz” qəzetinin internet saytında “Novruz – sülh bayramı” sərlövhəli oxucu məktubu yerləşdirilib. Məqalənin müəllifi İsveçrədə yaşayan gənc tədqiqatçı Esmira Məmmədovadır.
AZƏRTAC xəbər verir ki, məqalədə hər il bahar fəslində gecə ilə gündüzün bərabərləşdiyi günün bayram kimi qeyd edilməsinin minilliklərə söykənən tarixə və özünəməxsus ənənələrə malik olduğu vurğulanıb. Diqqətə çatdırılıb ki, sovet dövründə Azərbaycanda Novruz bayramını keçirmək qadağan edilsə də, baharın gəlişinin rəmzi olan və təbiətin oyanışını müjdələyən bu bayramı xalqın qəlbindən çıxarmaq mümkün olmayıb.
Müəllif bu bayramın adət və ənənələri, Azərbaycanda yayılmış xüsusiyyətləri barədə məlumat verir və bildirir ki, bu gün Balkan yarımadasından tutmuş Yaxın Şərq, Qafqaz və Orta Asiyayadək geniş məkanda üç yüz milyondan çox insan Novruzu ortaq bayram kimi qeyd edir. Münaqişələrdən əziyyət çəkən bu regionda hər şeydən öncə əmin-amanlıq yaradılmalı, sülh bərqərar olmalı və xalqların birgə yaşayışı üçün yollar tapılmalıdır. Ortaq dəyər olan Novruz bu istiqamətdə mühüm töhfələr verə bilər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern