DÜNYA
İsveçrə pandemiya ilə bağlı məhdudiyyətlərin bir hissəsini ləğv edəcək
Bern, 18 fevral, AZƏRTAC
Avropa ölkələrində koronavirus pandemiyasının üçüncü dalğası, mutasiyaya uğramış variantların yayılması və buna qarşı yeni məhdudiyyətlər ətrafında müzakirələr getdiyi vaxtda İsveçrə pandemiya ilə bağlı tətbiq olunan bir sıra məhdudiyyətləri aradan qaldırmağa hazırlaşır.
AZƏRTAC xəbər verir ki, martın 1-dən etibarən İsveçrədə bütün ticarət obyektləri, muzey, zoopark və əyləncə parkları yenidən fəaliyyətə başlayacaq. Açıq havada 15-dək şəxsin toplaşmasına icazə veriləcək. İsveçrə hökuməti qarşıdakı bir həftə ərzində epidemioloji vəziyyətdə ciddi dəyişiklik olmazsa, fevralın 24-də yeni qaydaları rəsmi şəkildə elan edəcək.
Hökumətin planına əsasən, uşaqlar və yeniyetmələr üçün idman və asudə vaxt imkanları üçün icazə veriləcək, aprel ayında isə mədəniyyət və idman tədbirləri məhdud sayda iştirakçı ilə mümkün olmalıdır.
Səhiyyə naziri Alen Berset ölkə əhalisinə göstərilən intizama görə təşəkkür edib və bildirib ki, biraylıq müddət ərzində yoluxma hallarının statistikası yarıbayarı azalıb. Bununla belə, hələlik restoranların fəaliyyətinə icazə verilməyəcək və mart ayının əvvəlində bu barədə qərar qəbul ediləcək. Bunun üçün ölkə üzrə son yeddi gündə ortalama reproduksiya göstəricisinin 1-dən az olması lazımdır. Hazırda bu rəqəm 0,88-ə bərabərdir və bu tendensiyanın qorunub saxlanacağı təqdirdə məhdudiyyətin növbəti hissəsi ləğv ediləcək.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern