SİYASƏT


İsveçrənin “Erfolg” qəzetində Azərbaycanın Xarici İşlər nazirinin müsahibəsi dərc olunub

Bern, 18 noyabr, AZƏRTAC

İsveçrənin ən nüfuzlu təşkilatlarından biri olan, 78 min sahibkarlıq obyektini özündə birləşdirən Kiçik və Orta Miqyaslı Müəssisələr Cəmiyyətinin mətbuat orqanı - “Erfolg” (“Müvəffəqiyyət”) qəzeti son buraxılışında Azərbaycana geniş yer ayırıb.

AZƏRTAC xəbər verir ki, əsasən cəmiyyətə üzv bütün şirkətlər arasında paylanılmaqla yanaşı, İsveçrənin siyasi və işgüzar dairələri tərəfindən də maraqla izlənilən bu qəzetin “Müsahibə” bölməsində adətən İsveçrə siyasətinin və biznes dünyasının tanınmış nümayəndələri ilə müsahibələr yer alır. Xarici ölkələrin rəsmiləri ilə müsahibələrə olduqca nadir hallarda yer verilir. Belə hallardan biri kimi “Müsahibə” bölməsinin budəfəki qonağı Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov olub.

Nazir müsahibədə Azərbaycanın tranzit potensialı, nəqliyyat-logistika imkanları, əlverişli coğrafi mövqeyi, beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətlərinin genişləndirilməsi istiqamətində görülən işlər barədə geniş məlumat verib. O bildirib ki, Azərbaycanın təşəbbüsü ilə başlanılan qlobal enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi yalnız ölkəmiz üçün deyil, bütövlükdə region üçün də nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə mühüm töhfə verməkdə davam edir.

Nazir qeyd edib ki, İsveçrə şirkətləri Azərbaycanın nəqliyyat-tranzit, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarından yararlana bilər. Eyni zamanda, bu istiqamətdə həyata keçirilən infrastruktur layihələrində iştirak edə bilər.

Nazir müsahibəsində vurğulayıb ki, prioritet sahələrdən biri də İsveçrədən ölkəmizə daha çox turist axınının təşkili istiqamətində səylərin davam etdirilməsidir. Müsahibədə Azərbaycanın turizm imkanlarından geniş söz açılıb, 2018-ci ilin oktyabr ayından etibarən Bakı-Cenevrə-Bakı birbaşa reysinin açılmasının, viza rejiminin sadələşdirilməsinin və ölkəmizdə turizm sahəsində xidmətin keyfiyyətinin artmasının İsveçrədən ölkəmizə gələn turistlərin sayının çoxalmasında mühüm rol oynadığı qeyd edilib.

Azərbaycanın İsveçrə ilə bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək istədiyini qeyd edən nazir diqqətə çatdırıb ki, Azərbaycan və İsveçrə qədim tarixə və mədəniyyətə malik ölkələrdir və hər iki ölkədə qarşılıqlı olaraq keçiriləcək tədbirlər xalqların bir-biri haqqında daha çox məlumat almasına, bir-birinin tarixinə, mədəniyyətinə və adət-ənənələrinə daha da yaxından bələd olmasına xidmət edəcək.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bern

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.