İDMAN
İtaliya və Ukrayna komandaları qızıl medallara sahib çıxıblar
Bakı, 18 iyun, Ceyhun Rüstəmov, AZƏRTAC
İyunun 18-də birinci Avropa Oyunları çərçivəsində keçirilən qadınlar və kişilər arasında komanda yarışlarının qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, ilk olaraq qadınlar mübarizəyə qoşulublar. Qadınlar arasında komanda yarışlarının yarımfinalında İtaliya Rusiyaya, Belarus isə Ukraynaya qalib gəlib. Qızıl medal uğrunda italiyalılar Belarus komandası ilə, bürünc medal uğrunda isə Rusiya yığması ukraynalılarla qarşılaşıb. Daha sərrast olan İtaliya yığması qızıl medala yiyələnib. Finalda italyanlara uduzan Belarus yığması gümüş, Rusiyadan üstün olan ukraynalılar isə bürünc medallara sahib olublar.
Medalları qaliblərə Dünya Oxatma Federasiyasının baş katibi Tom Dielen və Türkiyə Milli Olimpiya Komitəsinin prezidenti Uğur Ərdinər təqdim ediblər.
Sonra kişilər arasında komanda yarışlarına start verilib. Bu mübarizənin yarımfinalında İspaniya Fransaya, Ukrayna Niderlanda qalib gəlib. Finalda isə qızıl medala Ukrayna komandası sahib olub. Kişilər arasında komanda yarışlarının finalında Ukrayna təmsilçilərinə məğlub olan İspaniya yığması gümüş, Fransadan üstün olan niderlandlılar isə bürünc medallara sahib çıxıblar.
Sonda mükafatlandırma mərasimi keçirilib. Dünya Oxatma Federasiyasının baş katibi Tom Dielen və Avropa Oxatma Federasiyasının vitse-prezidenti Hakan Çakıroğlu medalları qaliblərə təqdim ediblər.