HEYDƏR ƏLİYEV - 100
İtaliyada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib VİDEO





Roma, 11 may, AZƏRTAC
Azərbaycanın İtaliyadakı səfirliyinin tabeliyindəki Mədəniyyət Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarovun, eləcə də İtaliyada yaşayan və təhsil alan soydaşlarımızın iştirak etdiyi tədbirdə Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı Heydər Əliyevin dövlət müstəqilliyimizin möhkəmləndirilməsi və inkişafındakı misilsiz xidmətlərindən bəhs edib.
Səfir Ulu Öndər Heydər Əliyevin ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olması, dövlət institutlarının qurulması, sosial-iqtisadi tərəqqi və dayanıqlı inkişaf yoluna qədəm qoyulması, beynəlxalq münasibətlər sisteminə inteqrasiyası, regional və beynəlxalq nüfuzunun təmin olunması, Azərbaycanın müstəqil, müasir və bölgənin güclü dövlətinə çevrilməsi istiqamətində yorulmaz fəaliyyətindən danışıb. Qeyd edib ki, Ulu Öndər dövlətçilik ənənələrimizi bərpa etməklə yenidən müstəqilliyinə qovuşmuş Azərbaycanın möhkəm təməllər üzərində davamlı inkişafına nail olub.
R.Aslanov Ümummilli Liderin diplomatik müstəvidə ardıcıl və məqsədyönlü siyasət yürütdüyünü, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını sürətləndirdiyini, həyata keçirilən xarici siyasətin ölkəmizin suverenliyini və təhlükəsizliyini daha da gücləndirdiyini, region və dünya ölkələri ilə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq münasibətlərini inkişaf etdirdiyini deyib. Bu gün strateji tərəfdaş olan Azərbaycan ilə İtaliya arasında dostluq münasibətlərinin və diplomatik əlaqələrin təməlinin məhz Ulu Öndər tərəfindən qoyulduğunu vurğulayıb. Ümummilli Liderin Azərbaycan Respublikasının ilk prezidenti kimi 1997-ci ildə İtaliyaya rəsmi səfəri zamanı iki ölkə arasında siyasi-institusional dialoqun başlanmasına və imzalanmış sənədlərin isə siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın davamlı inkişafına gətirib çıxardığı bildirilib.
Ulu Öndər Heydər Əliyev yolunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Azərbaycanın beynəlxalq münasibətlərin konfiqurasiyasında mühüm aktora, regionda sabitliyin və inkişafın hərəkətverici qüvvəsinə çevrildiyi vurğulanıb.
Heydər Əliyevin 2001-2002-ci tədris ilində ali məktəbə qəbul imtahanlarında yüksək bal toplamış və Prezident təqaüdünə layiq görülən tələbələrlə görüşündə iştirak edən səfirliyin müşaviri Elvin Əşrəfzadə Ümummilli Liderlə bağlı xatirələrini bölüşüb. O, Ulu Öndərin həmişə gənclərə böyük ümidlər bəslədiyini, onların hərtərəfli inkişafı və mükəmməl təhsil almasını daim diqqətdə saxladığını qeyd edib.
Tədbirdə Ümummilli Liderin zəngin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən videoçarx nümayiş olunub. İtaliyada təhsil alan və “Səs Azərbaycan” müsabiqəsinin iştirakçısı olmuş Minayə Hüseynova Azərbaycanın görkəmli bəstəkarlarının mahnılarını ifa edib.