DÜNYA
İtaliyada təhsil işçiləri koronavirusa qarşı icbari qaydada peyvənd oluna bilər
Roma, 23 iyul, AZƏRTAC
İtaliya hökuməti təhsil işçilərinin növbəti tədris ilinə kimi icbari qaydada peyvənd olunmasına hazırlaşır.
AZƏRTAC xəbər verir ki, İtaliya mətbuatının yaydığı məlumata görə, ölkədə təhsil işçiləri avqustun 20-dək koronavirusa qarşı peyvənd olunmağa çağırılıb. Səhiyyə məsələləri üzrə dövlət katibi Andrea Kosta bildirib ki, indiyədək təhsil işçilərinin 85 faizi peyvənd olunub və həmin tarixədək vaksinasiyada iştirak etməyən digər təhsil işçiləri icbari şəkildə vaksinasiya kampaniyasına cəlb edilə bilərlər.
Qeyd edilməlidir ki, mayın 25-dən etibarən İtaliyada xəstəxana, qocalar və əlillər evlərinin tibb işçilərinin və texniki heyətinin koronavirusa qarşı icbari qaydada peyvənd olunmasına başlanılıb. Növbəti tədris ilinə kimi eyni qayda təhsil işçilərinə şamil oluna bilər.
Hökumət təhsil işçiləri ilə yanaşı, məktəblilərin vaksinasiyasını da diqqət mərkəzində saxlayır. Yay tətili dövründə məktəblilərin 60 faizinin peyvənd olunması nəzərdə tutulur.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Roma