QAN YADDAŞI
İtaliyalı oxuculara Xocalı soyqırımı ilə bağlı məlumat verilib
Roma, 1 mart, AZƏRTAC
Xocalı soyqırımının 29-cu ildönümü İtaliya mətbuatında geniş işıqlandırılıb. Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliyanın “ElectoMagazine” və "La Voce Repubblicana" qəzetləri, habelə “Kmetro0” portalına müsahibələr verib.
AZƏRTAC xəbər verir ki, diplomat müsahibələrində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Xocalı soyqırımı ilə bağlı həqiqətlər, torpaqlarımızın işğaldan azad edilməsindən sonra bölgədə yaranmış yeni vəziyyət kimi mövzularla bağlı jurnalistlərin suallarını cavablandırıb.
Azərbaycanın İtaliyadakı səfirliyi və İtaliyada Azərbaycan İcması Assosiasiyasının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünün anılması ilə əlaqədar videoformatda keçirilmiş "Bəşəriyyətin yaddaşına yazılan bir tarix" adlı konfrans və "Simurq quşu - Xocalının qanadları altında" adlı konsert-rekviyemdən ibarət tədbirə dair İtaliyanın nüfuzlu “Askanews” xəbər agentliyi tərəfindən videoreportaj hazırlanıb və həmin reportaj “Askanews” ilə yanaşı, “Il Sole 24 Ore”, “Notizie Tiscali”, “Yahoo Notizie”, “Quotidiano”, “Virgilio”, “Affari Italiani”, “Libero Quotidiano”, “Timgate”, “Today”, “Attivo News”, “Il Giornale d’Italia”, “Il Caledoiscopio”, “Solobuonumore”, “Vistosulweb” kimi mətbu orqanları tərəfindən də yayımlanıb.
Habelə İtaliyanın nüfuzlu “İl Giornale” qəzeti, “Agenzia Nova”, “Giornale Diplomatico” kimi mətbuat orqanları tərəfindən Azərbaycanın İtaliyadakı səfirliyinin Xocalı soyqırımı və onun 29-cu ildönümü ilə əlaqədar hazırladığı mətbuat açıqlaması dərc olunub. “İl Giornale” qəzeti məlumatda, həmçinin səfirliyin rəsmi “Facebook” səhifəsindən canlı olaraq yayımlanmış tədbirin və səfir M.Əhmədzadənin rəsmi “Twitter” hesabından italyan dilində Xocalı soyqırımının 29-cu ildönümünü ilə əlaqədar paylaşılmış videonun keçid linkləri yerləşdirilib.
Eləcə də, İtaliyanın “Il Nodo di Gordio” beyin mərkəzi, “Euractiv”, “Geopolitica”, “Lo Spessore”, “ElectoMagazine”, “Convicere” kimi mətbuat orqanları mövzu ilə əlaqədar olaraq bir sıra tədqiqatçılar və jurnalistlərin məqalələrinə yer verib. Məqalələrdə insanlıq əleyhinə amansız vəhşiliklərlə yadda qalan Xocalı faciəsinin tarixi, faciə qurbanları barədə məlumat verilərək törədilmiş cinayətlərə dair Avropa İnsan Hüquqları Məhkəməsi qərarı və Avropa Şurası Nazirlər Komitəsinin bəyanatına istinadlar edilib, Xocalı qətliamının qurbanlarını anmaq məqsədilə bir sıra ölkələr tərəfindən sənədlərin qəbul edildiyi, bir çox beynəlxalq təşkilat və qurumlar tərəfindən bu qətliamın insan ləyaqəti üçün fəlakətli bir hadisə kimi tanındığı diqqətə çatdırılıb.
Bununla yanaşı, İtaliyanın nüfuzlu “İnsideover” portalı “Xocalı qırğını nədir” başlıqlı geniş məlumat dərc edib. Xocalı soyqırımı barədə məlumat almaq istəyən italyan oxuyucular üçün geniş mənbə olan məlumatda amansız faciənin baş vermə səbəbləri, faciənin törədilməsində birbaşa məsul olanlar, soyqırımı qurbanları barədə məlumat verilib və sözügedən hadisələrə dair video material yerləşdirilib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Roma