REGİONLAR


İtalyan texnologiyası yeni fındıq bağlarında ağac sayını 3 dəfəyədək artırmağa imkan verir VİDEO

Quba, 21 may, Elxan Yusifli, AZƏRTAC

İtaliyalı mütəxəssislər Quba-Xaçmaz zonasında yeni texnologiya ilə salınan fındıq bağları ilə tanış olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə İtaliyanın “Ferroro” şirkətinin birgə həyata keçirdiyi layihə çərçivəsində institutun ərazisində ilkin olaraq 2 hektar bağ salınıb.

Yeni texnologiya üzrə salınan fındıq bağlarında introduksiya edilmiş İtaliya mənşəli “Çifoni”, “Romano” və “Naçioni” sortları ilə yanaşı, yerli dədə-baba sortlarından da istifadə olunur.

Ənənəvi üsulla salınan bağlarda ilkin məhsula düşmə 6-cı, tam məhsuldarlıq isə 16-cı ildən başlayır. Hər hektarda məhsuldarlıq isə 1,5 ton təşkil edir. İtalyan texnologiyasının tətbiqi ilə salınan bağlarda isə 4-cü ildən ağaclar məhsul verməyə başlayır. Doqquzuncu ildə isə ağaclar tam məhsula düşür. Bu bağlarda hər hektardan orta məhsuldarlıq 2,5 tona çatır.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov bildirib ki, yeni texnologiya ilə salınan bağlarda 1 hektar sahədə 500 ağac əkilir. Ənənəvi bağlarda isə cəmi 156 ağac əkilirdi.

İntroduksiya edilmiş italyan sortlarının üstün cəhətlərindən biri də məhsul yığım prosesinin daha asan başa gəlməsidir. Belə ki, həmin sortlarda fındıq yetişdiyi zaman meyvə qərzəyindən rahatlıqla ayrılır. Ağac yığım üçün silkələndikdə məhsul yerə qabıqsız tökülür. Bu da, yığım prosesini sürətləndirir və işçi qüvvəsinə tələbatı azaldır.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda keçirilən görüş zamanı italiyalı mütəxəssislərlə qarşılıqlı fikir mübadiləsi aparılıb, əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.