İQTİSADİYYAT
İxracatçılar üçün seminar təşkil ediləcək
Bakı, 24 iyul, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi və "Qida Təhlükəsizliyi Agentliyi"nin birgə təşkilatçılığı ilə "İxrac əməliyyatlarında qida təhlükəsizliyinin əhəmiyyəti və rolu" mövzusunda seminar keçiriləcək.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, iyulun 26-da keçiriləcək tədbirdə Azərbaycan sahibkarlarının öz məhsullarını xarici bazarlara ixracı zamanı tələb olunan sertifikatlar, onları əldə etmək üçün müraciət formaları, tələb olunan sənədlər, qida təhlükəsizliyi sahəsində qanunvericilik islahatları, xarici ölkələrin idxal tələbləri, sertifikatlaşdırmanın və laborator-sınaq xidmətlərinin rəqabətli biznes mühitinin formalaşmasına təsiri müzakirə olunacaq.
Seminarın əsas məqsədi qida zəncirinin bütün mərhələlərində iştirak edən hər bir biznes subyektinin ixrac əməliyyatlarının həyata keçirilməsi zamanı qarşıya çıxan çətinliklərin və mübahisəli halların həll edilməsi istiqamətində maarifləndirməni təmin etməkdir.
Seminar çərçivəsində təqdimat Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müvafiq ekspertləri tərəfindən aparılacaq.