REGİONLAR
“İxtisas bələdçisi” adlı maarifləndirmə seminarı keçirilib
Xızı, 1 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
Avqustun 1-də Xızı rayonunda “İxtisas Bələdçisi” adlı maarifləndirmə seminarı keçirilib. Seminar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının təşkilatçılığı, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Gənclərin İnkişaf və Karyera Mərkəzinin dəstəyi ilə təşkil olunub.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, seminarda 9-11-ci sinif şagirdləri, valideynlər və müəllimlər iştirak ediblər. Layihənin əsas məqsədi iştirakçıları müasir əmək bazarının tələbləri barədə məlumatlandırmaq, abituriyentlərin düzgün ixtisas seçimi etmələrinə dəstək verməkdir.
İştirakçılara karyera məsləhətçiləri tərəfindən, ixtisas seçiminin aparılması meyarları, düzgün kodlaşdırma qaydaları, prosesin psixoloji aspektləri, əsas ixtisaslar və onların gələcək perspektivləri haqqında məlumatlar verilib.