QAN YADDAŞI
İyirmi Yanvar şəhidlərinin xatirəsi İğdır şəhərində də ehtiramla anılıb VİDEO
Ankara, 19 yanvar, AZƏRTAC
Türkiyənin İğdır şəhərində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş anma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası, İğdır Azərbaycan Evi Dərnəyi və İğdır Vəkillər Kollegiyası tərəfindən birgə təşkil olunan mərasim şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Sonra Azərbaycan və Türkiyənin Dövlət himləri səsləndirilib.
Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal, İğdır Vəkillər Kollegiyasının sədri Özgür Qurban Gül və başqaları çıxışlarında 20 Yanvar faciəsinin məşəqqətlərindən danışıblar.
Məlumat verilib ki, keçmiş SSRİ-nin qoşun birləşmələri 33 il bundan əvvəl Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla hərbi cinayət törədib. Diqqətə çatdırılıb ki, o dövrdə Azərbaycan və Türkiyə arasında gediş-gəliş olmasa da, qardaş ölkə ictimaiyyəti bu faciəni böyük acı ilə qarşılayıb və günahkarları lənətləyib.
Çıxışlarda qeyd olunub ki, 20 Yanvar şəhidləri canlarını Vətən yolunda fəda edərək Azərbaycanın azadlığına yol açıblar. Bu azadlıq və suverenlik Azərbaycan və Türkiyə qardaşlığına yeni bir tarix qazandırıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara