CƏMİYYƏT
Jan-Danyel Belfond: “Azərbaycan böyük dövlətlər arasında” kitabı fransızdilli oxucular üçün maraqlıdır VİDEO
Paris, 9 mart, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) haqqında səfir Rəhman Mustafayevin kitabının nəşri təklifi məni çox maraqlandırdı. 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətini (AXC) yaranması və fəaliyyəti haqqında elə də məlumatlı deyildim. Bir əsr əvvəl müsəlman ölkəsində xalq demokratik cəmiyyət qurmaq ümidi ilə yaşayıblar. Ancaq təəssüf olsun ki, onların bu ümidinə bolşeviklərin gəlişi ilə son qoyulub.
Bu fikirləri ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayevin fransız dilində nəşr olunmuş “Azərbaycan böyük dövlətlər arasında” adlı kitabının təqdimatında “Presses du Chatelet” nəşriyyat evinin rəhbəri Jan-Danyel Belfond AZƏRTAC-a müsahibəsində deyib.
Bildirib ki, fransızdilli böyük oxucu auditoriyası üçün bu kitab çox maraqlıdır. XX əsrin əvvəllərində müsəlman ölkəsində avanqardist tədbirlər həyata keçirilib. Bir çox Avropa ölkələrindən, hətta Fransadan (1945) da çox əvvəl AXC qadınlara səsvermə hüququ verib.
“Tədqiqatçı, tarixçi səfirin kitabını oxudum və çox maraqlı olduğun gördüm. Fransızların, eləcə də fransızdilli oxucuların belə maraqlı tarixlə tanış olması üçün kitabı nəşr etdik. Kitabın oxucular tərəfindən çox seviləcəyinə əminəm.
Kitabın müəllifi regionda nüfuzu olan bir ölkənin - Azərbaycanın səfiridir. Ölkənizin maraqlı tarixi var. Kitab AXC haqqında araşdırmalardan ibarətdir. Bu kitab sayəsində Azərbaycan haqqında daha dərin məlumat əldə etmək olar”, -deyə J.Belfond diqqətə çatdırıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris