ELM VƏ TƏHSİL
Jurnalistlər Bakı Slavyan Universitetində imtahanların gedişini izləyiblər
Bakı, 10 yanvar, AZƏRTAC
Yanvarın 10-da Bakı Slavyan Universitetində (BSU) qış imtahan sessiyası ilə bağlı “açıq qapı” günü keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizin təhsil ekspertləri, QHT-lərin təmsilçiləri, jurnalistlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
BSU-nun rektoru, professor Nurlana Əliyeva sessiya ərəfəsində universitetdə görülən işlər, imtahanlara hazırlıq barədə məlumat verib. Rektor imtahan ərəfəsində hər bir kursun tələbələri ilə ayrı-ayrılıqda görüş keçirildiyini, onlara öz tövsiyələrini verdiyini, imtahanlarda biliyin yeganə meyar olmasının izah edildiyini bildirib. Vurğulanıb ki, imtahanlara hazırlıq üçün universitetdə lazımi şərait yaradılıb, məsləhət saatları keçirilib.
BSU-da 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının uğurla davam etdiyini bildirən N.Əliyeva vurğulayıb ki, universitetdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmini, daxil olan şikayətlərin qısa zamanda araşdırılıb müvafiq qərarların qəbul edilməsi üçün operativ qərargah və münaqişə komissiyası yaradılıb. Rektor deyib: “Artıq 135-dən çox fənn üzrə imtahan təşkil olunub. İmtahan prosesində operativliyin təmin edilməsi və şəffaflığın artırılması məqsədilə BSU-nun tədris işləri üzrə portalının “Modul 3” bölməsində bütün kurslar üzrə imtahanların nəticələri dərhal elan olunub”.
Diqqətə çatdırılıb ki, payız imtahan sessiyasında Azərbaycan universitetləri arasında ilk dəfə BSU-da tələbələr üçün imtahan qərargahı ilə canlı bağlantı imkanı yaradılıb. Müvafiq portalda yaradılmış online əlaqə bölməsində təkcə tələbələr deyil, valideynlər də onları maraqlandıran hər bir suala dolğun cavab ala biləcək, imtahan qərargahı ilə birbaşa əlaqə yaradacaqlar. BSU-da tətbiq edilən hər bir layihənin, proqramın başlıca məqsədi imtahanlarda ədaləti və obyektivliyi təmin etməyə yönəldilib.
Sonra tədbir iştirakçıları operativ qərargahda işin gedişi ilə tanış olublar. Qərargahın rəhbəri, professor Rafiq Novruzov buradakı iş prinsipi, tətbiq olunan yeniliklər, şikayətlərin qəbulu, cavablandırılması və s. barədə ətraflı məlumat verib. O, BSU-nun iş prosesinin səmərəliliyini artırmaq üçün hər zaman innovativ layihələrə hazır olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, bu ildən etibarən universitetdə “Elektron universitet” layihəsinin tətbiqinə başlanılacaq, tədrisin təşkili, imtahan sessiyasının gedişi və imtahanların yoxlanılması prosesi elektronlaşdırılacaq. R.Novruzov deyib: “Şikayətlərə əvvəlcə fakültələrdə təşkil olunmuş münaqişə komissiyalarında baxılır və yalnız şikayətçi razı qalmadığı halda problem operativ qərargaha ünvanlanır”.
Sonda tədbir iştirakçıları imtahanların gedişini izləyib, auditoriyalardakı kameraların, “ağıllı lövhələr”in iş prinsipləri ilə tanış olublar.