MƏDƏNİYYƏT
KARİKATURAÇI RƏSSAMLARIMIZIN ƏSƏRLƏRİ QABROVA FESTİVALINDA
Bolqarıstanın Qabrova şəhərində XXVI Beynəlxalq karikatura festivalı keçirilmişdir. Qabrova Şəhər Satira və Yumor Evinin təşkil etdiyi bu festivalda ilk dəfə iştirak edən ölkəmizi karikaturaçı rəssamlarımız Soltan Soltanlı və Seyran Cəfərli təmsil etmişlər. Dünyanın müxtəlif ölkələrindən festivala qatılan rəssamların 140-dan çox əsərləri seçilərək sərgidə nümayiş etdirilir. Sevindirici haldır ki, hər iki rəssamımızın festivala göndərdiyi əsərlərin hamısı bəyənilmiş və onlar Satira və Yumor Evi tərəfindən daimi eksponat kimi qəbul olunmuşdur. Bu barədə rəssamlarımıza sertifikat da göndərilmişdir. Bundan başqa, rəssamlarımızın əsərləri festivalda sərgilənən 144 karikaturadan ibarət kataloqa da daxil edilmişdir. Kataloqa daxil edilmiş əsərlərdən ibarət sərgi sentyabrın axırınadək Boqarıstanın müxtəlif şəhərlərində nümayiş olunacaqdır.