İQTİSADİYYAT
KOBİA Xorvatiya iş adamlarına ölkəmizdə yerli tərəfdaşların tapılmasında dəstək göstərə bilər
Bakı, 20 oktyabr, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Xorvatiya iş adamlarına ölkəmizdə müvafiq qurumlarla əlaqələndirmə və yerli tərəfdaşların tapılmasında dəstək göstərə bilər.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, bu barədə agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda keçirilmiş Azərbaycan-Xorvatiya biznes forumunda deyib.
Orxan Məmmədov agentliyin fəaliyyəti barədə məlumat verib, Azərbaycan və Xorvatiya iş adamlarının iştirakı ilə birgə müəssisələrin yaradılması və ortaq layihələrin icrası üçün potensialın olduğunu, təşkil olunan biznes forumun biznes dairələri arasında səmərəli tərəfdaşlıqların qurulması üçün əlverişli platforma olduğunu vurğulayıb. KOBİA-nın Xorvatiya iş adamlarına ölkəmizdə müvafiq qurumlarla əlaqələndirmə və yerli tərəfdaşların tapılmasında dəstək göstərə biləcəyi də diqqətə çatdırılıb.