İQTİSADİYYAT
KOB dostları özünüməşğulluğa dəstək göstərir
Bakı, 24 may, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən "KOB Dostu" ofislərində özünüməşğulluq proqramına cəlb olunmuş iştirakçılar üçün təlimlər davam etdirilir.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, agentlik və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən birgə təşkil olunan təlimlərdə özünüməşğulluq proqramına qoşulmuş iştirakçılara xidmət və istehsalla bağlı biznes planların hazırlanması, sahibkarlıq sahəsində hüquqi məsələlər tədris edilir. Ümumilikdə, təlimlərdən özünüməşğulluq proqramına qoşulmuş 193 nəfər yararlanıb.
Təlimləri uğurla başa vuran iştirakçılara sertifikatlar verilir.
Qeyd edək ki, əhali arasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, mikro və kiçik sahibkarlığın inkişafı, məşğulluqda KOB subyektlərinin payının artırılması məqsədilə KOBİA 3 istiqamətdə özünüməşğulluğa dəstək göstərir. Bunlar özünüməşğulluq proqramına cəlb olunmuş şəxslər üçün təlimlərin keçirilməsi, proqrama qoşulmaq istəyən şəxslər üçün məşğulluq mərkəzləri ilə yanaşı, KOB dostlarına müraciət etmək imkanının yaradılması, zəruri aktivlərlə təmin olunmuş iştirakçılara mikro və kiçik biznes subyektinə çevrilmələri üçün məsləhət və digər zəruri xidmətlərin göstərilməsidir.