REGİONLAR
KOICA “Elektron kənd təsərrüfatı” layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanı həyata keçirmək üçün Azərbaycana mütəxəssislər ezam etmişdir
Bakı, 11 mart (AZƏRTAC). Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təklif olunmuş “Elektron kənd təsərrüfatı” layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanı həyata keçirmək üçün ölkəmizə mütəxəssislər ezam etmişdir.
KOICA-nın Azərbaycandakı rezident nümayəndəsi xanım Kim Eun Sukun başçılıq etdiyi koreyalı mütəxəssislərdən ibarət nümayəndə heyəti martın 11-də nazirliyin Aparat rəhbəri Seyfəddin Talıbovla görüşmüşdür.
Bu barədə AZƏRTAC-a KOICA-nın Azərbaycandakı ofisindən məlumat vermişlər.
Azərbaycanda kənd təsərrüfatının inkişafı, Koreyanın kənd təsərrüfatı və e-hökumət sahəsindəki təcrübəsi və layihənin texniki-iqtisadi əsaslandırması ilə bağlı fikir mübadiləsi aparmaq məqsədi daşıyan görüşdə S.Talıbov təklif olunan layihənin ölkəmizin kənd təsərrüfatı və e-hökumət üçün çox önəmli olduğunu qonaqların diqqətinə çatdırmışdır. Bildirilmişdir ki, nazirlik bu layihənin icra edilməsində maraqlıdır və ona hər cür dəstək verməyə hazırdır.
Xanım Kim Eun Suk isə öz növbəsində KOICA-nın müxtəlif sahələrdə bir sıra uğurlu qrant layihələri həyata keçirməklə Azərbaycanın sosial-iqtisadi inkişafına töhfə verdiyini qeyd etmişdir. O, həmçinin yeni layihənin Koreya ilə Azərbaycan arasında əməkdaşlığı daha da gücləndirəcəyinə əminliyini ifadə etmiş və ümidvar olduğunu bildirmişdir ki, nazirlik koreyalı mütəxəssislərin ezamiyyət müddəti ərzində ətraflı tədqiqat aparmasına tam dəstək verəcəkdir.
Qeyd edək ki, texniki-iqtisadi əsaslandırma martın 11-dən 15-dək aparılacaqdır.