REGİONLAR
Kabardin-Balkar Dövlət Aqrar Universitetinin müəllim-tələbə heyəti ADAU-da olub
Gəncə, 24 aprel, Rauf Hacıyev, AZƏRTAC
Rusiya Federasiyası Kabardin-Balkar Dövlət Aqrar Universitetinin 7 nəfərdən ibarət müəllim və tələbə heyəti Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.
ADAU-nun mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, qarşılıqlı müqavilə əsasında universitetə gələn qonaq tələbələr bir həftə müddətində Aqrar Universitetin Baytarlıq təbabəti və Zoomühəndislik fakültəsinin 3-cü kurs tələbələri ilə birgə tədris prosesində iştirak edəcəklər. Kabardin-Balkar Dövlət Aqrar Universitetinin müəllimləri isə baytarlıq və baytarlıq sanitar ekspertizası üzrə müvafiq kurslarda mühazirələr söyləyəcəklər.
Qonaqları qəbul edən Aqrar Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov təhsil müəssisəsinin tarixi və bu günü haqqında məlumat verib, aqrar sektorun kadr təminatında universitetin rolundan danışıb. Qonaqları maraqlandıran sualları cavablandırıb.
Çıxış edən qonaqlar səmimi görüşə görə minnətdarlıqlarını bildirib və iki universitet arasında qarşılıqlı münasibətlərin daha da genişləndirilməsi üçün təkliflərini veriblər.
Sonda bakalavr və magistr hazırlığı, müəllim mübadiləsi, birgə beynəlxalq konfransların təşkili və digər məsələlər üzrə razılıq əldə edilib.