SİYASƏT
Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib
Bakı, 16 noyabr, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsinin ABŞ-da səfərdə olan nümayəndə heyəti Kaliforniyada yaşayan soydaşlarımız və diaspor təşkilatlarının fəalları ilə görüşüb. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunda keçirilən görüşdə Azərbaycan dövlətinin diaspor siyasətini və Dövlət Komitəsinin son 6 ayda gördüyü işləri əks etdirən bir neçə videoçarx nümayiş olunub. Sonra Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Kaliforniyadakı Azərbaycan icması və bu icma ilə əməkdaşlıq haqqında məlumat verib. Bildirib ki, bu gün 1 milyondan çox erməninin yaşadığı Kaliforniyada Azərbaycan icmasının birgə fəaliyyət göstərərək daha da güclənməsi böyük önəm kəsb edir.
Nümayəndə heyətinin rəhbəri, Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış edərək Azərbaycan dövlətinin diaspor siyasətinin əsas istiqamətlərini, gözləntilərini və hədəflərini diqqətə çatdırıb. Dövlət Komitəsinin rəhbəri, eyni zamanda, son 7 ayda Azərbaycan diaspor nümayəndələri ilə keçirilən görüşlər, görülən işlər barədə danışıb. Azərbaycanlıların Koordinasiya şuraları haqqında söz açan komitə sədri ayrı-ayrı ölkələrin diaspor siyasəti ilə məşğul olan dövlət qurumları ilə əməkdaşlıq, ölkəmizə dost xalqların diaspor rəhbərləri ilə görüşlər, milli-mədəni irsimizin və Azərbaycan həqiqətlərinin təbliği istiqamətində həyata keçirilən tədbirlər, eləcə də komitənin gələcək planları barədə geniş məlumat verib.
Görüş zamanı soydaşlarımızı maraqlandıran suallar cavablandırılıb, onları narahat edən məsələlər və diaspor fəaliyyəti ilə bağlı təklifləri dinlənilib. ABŞ-da yaşayan həmyerlilərimizin daha səmərəli fəaliyyət istiqamətləri müzakirə olunaraq müvafiq razılaşmalar əldə edilib.