CƏMİYYƏT
Kalium permanqanatın ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 25 dekabr, AZƏRTAC
Kalium permanqanatın ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının baqajına rentgen cihazı vasitəsilə baxış keçirərkən, plastik qabların içərisindəki maddənin təsviri şübhə doğurub. Bu səbəbdən vətəndaş saxlanılıb və onun yükü təkrar yoxlanılıb.
Nəticədə, vətəndaşa məxsus karton qutunun içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim olunmamış, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməmiş 5 ədəd - hər birinin təmiz çəkisi 100 qram olan və üzərində “Калий марганцевокислый” sözləri yazılmış plastik qablarda tünd bənövşəyi rəngli kristal formasında maddə aşkarlanıb.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin arayışına əsasən, ümumi təmiz çəkisi 500 qram olan həmin maddə kalium permanqanatdır və “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların IV Siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.