SİYASƏT


Kamal Abdulla: Sülh şəraitində birgəyaşayış siyasi qərardır

Bakı, 1 fevral, AZƏRTAC

Misirin 20-dən çox ərəb ölkəsində və digər ölkələrdə yayımlanan məşhur “Əxbər əl-Ədəb” (Ədəbiyyat xəbərləri) qəzetində bu günlərdə görkəmli yazıçı Kamal Abdullanın “Kamera teatrı” adlı hekayəsi və onun həyat və yaradıcılığı haqqında məlumat dərc olunub.

AZƏRTAC xəbər verir ki, hekayənin ərəb dilinə tərcüməçisi Misirin Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydidir.

Qəzetin həmin nömrəsində millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullanın “Sülh şəraitində birgəyaşayış siyasi qərardır” sərlövhəli müsahibəsi də dərc olunub. Dövlət müşaviri bildirib ki, sülh şəraitində birgəyaşayış mədəniyyəti məzhəb və ideya müxtəlifliyinə hörmət edən siyasi iradə tələb edir. Azərbaycan Prezidenti İlham Əliyev multikulturalizmi ölkəmizdə dövlət siyasəti səviyyəsinə qaldırdı. Prezidentin Sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edildi. Məqsəd Azərbaycan insanına xas olan dəyərləri dünyaya çatdırmaqdan ibarətdir. Dini və etnik məsələlər, həmçinin multikulturalizm bir-biri ilə sıx əlaqəlidir. Azərbaycanda çoxsaylı etnik qruplar və xalqlar yaşayır. Əsrlərboyu onlar bir-birinə xoş qardaşlıq münasibətləri sərgiləyiblər. Ölkə əhalisinin əksəriyyətinin inandığı İslam dini heç zaman başqa dinlərin nümayəndələrinə yuxarıdan aşağı baxmayıb. Azərbaycanda yaşayan xristianlara, yəhudilərə səmavi dinlərin nümayəndəsi kimi həmişə müsbət münasibət bəslənilib. Hər kəsin inancına hörmətlə yanaşmaq Azərbaycan xalqının ən əsas prinsiplərindən biridir. Ölkəmizdə sünnilər və şiələr bir məsciddə çiyin-çiyinə ibadət edirlər”.

Bundan əlavə, müsahibədə Azərbaycanda həyata keçirilən multikulturalizm siyasətinin əsas konturları, multikulturalizmin Azərbaycan modelinin tədqiqi istiqamətləri və bu modelin örnək model kimi dünyada təbliği prosesindən söhbət açılır.

Kamal Abdulla Azərbaycan xalqının ən böyük mənəvi xəzinəsi olan “Kitabi-Dədə Qorqud” barədə oxuculara məlumat verərək bildirib: “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının əsatirləri, mifologiyası üzərində yaranmış xalq dastanıdır. “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının ən qədim dövründən təxminən X əsrə qədərki tarixini özündə hərtərəfli əks etdirən əvəzsiz mənbədir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.