CƏMİYYƏT
Karantin qaydalarını pozan iki sürücü və MMC rəhbəri ilə bağlı cinayət işi başlanılıb VİDEO
Bakı, 14 iyul, AZƏRTAC
Xüsusi karantin rejimi qaydalarını pozaraq bölgələrdən paytaxta, eləcə də əks istiqamətdə sərnişinlərin hərəkətinə şərait yaradan sürücülər polis əməkdaşları tərəfindən saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu qanunsuz fəaliyyətlə məşğul olan Ağstafa rayon sakini Pərvin Tatarov və onun həmyerlisi “AzərEmo” MMC-nin rəhbəri Elkin Xasməmmədov həyata keçirilən əməliyyat nəticəsində tutulub.
Araşdırma zamanı məlum olub ki, Elkin Xasməmmədov pul müqabilində təsisçisi olduğu şirkətin adından Pərvin Tatarovun paytaxta gətirdiyi sərnişinləri icazə portalından qanunsuz qeydiyyatdan keçirib. Bununla da hər iki şəxs xüsusi karantin qaydalarını pozublar.
Polis əməkdaşlarının həyata keçirdikləri daha bir tədbir zamanı isə karantin qaydalarını pozaraq Bakı şəhərindən Astara rayonuna sərnişin daşımaqla məşğul olan İmran Qəhrəmanov saxlanılıb. Onun rayon qeydiyyatında olan yaxın qohumlarının şəxsiyyət vəsiqələrini götürərək karantin postunda guya həmin adamları apardığını bildirdiyi və polis əməkdaşlarını aldatmağa cəhd göstərdiyi müəyyənləşib. Araşdırma zamanı isə onun sərnişinlərinin şəxsiyyət vəsiqələrini təqdim etdiyi şəxslər yox, qeydiyyatı paytaxta olan başqa insanların olduqları aşkarlanıb.
Hər üç şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Karantin qaydalarını pozan Pərvin Tatarov, Elkin Xasməmmədov və İmran Qəhrəmanov barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.