CƏMİYYƏT
Kardiologiya Cəmiyyətinin konfransında həkimlər yeni kliniki tövsiyələrlə tanış olublar
Bakı, 22 oktyabr, AZƏRTAC
Azərbaycan Kardiologiya Cəmiyyətinin “Kardiovaskulyar farmakoterapiya” və “Diabet və ürək-damar xəstəlikləri” işçi qruplarının aylıq konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, Kardiologiya Cəmiyyətinin sədri, professor Tofiq Cahangirov konfransı açaraq onun məqsədinin Avropa və ABŞ-da hazırlanıb dərc edilmiş yeni kliniki tövsiyələrlə həkimləri tanış etmək və həmin tövsiyələri praktik fəaliyyətdə tətbiq etməkdən ibarət olduğunu bildirib.
Konfransda Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının müdiri, tibb elmləri doktoru Valeh Mirzəzadə çıxış edərək “Amerika Diabet Assosiasiyası və diabetin öyrənilməsi üzrə Avropa Assosiasiyasının konsensus tövsiyələri” barədə ətraflı məlumat verib.
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ailə təbabəti kafedrasının professoru, tibb elmləri doktoru İsfəndiyar Ələkbərov “Arterial hipertenziyanın farmakoterapiyasına yeni Avropa tövsiyələrinə əsasən yanaşma”, həkim-endokrinoloq Fəridə Yaqubova “ESC 2019. Diabet, Pre-diabet və kardiovaskulyar xəstəliklərə dair yeni kliniki rəhbər tövsiyələri” məruzələri ilə çıxış ediblər.