İDMAN
Karlos Sayns Bakı trasında “Red Bull”un pilotları arasında qəzanı şərh edib
Bakı, 7 may, AZƏRTAC
“Reno”nun pilotu Karlos Sayns bu yaxınlarda Formula 1 Azərbaycan Qran-Prisində “Red Bull”un pilotları Daniel Rikkardo və Maks Ferstappen arasında baş vermiş və hər iki pilotun trasdan çıxması ilə nəticələnmiş hadisəni şərh edib.
AZƏRTAC xəbər verir ki, ispan pilotunun sözlərinə görə, “Reno” komandası özünün digər pilotu Niko Hülkenberq ilə onun arasında bu cür qəzaya yol verməzdi.
K.Sayns deyib: “Həm Ferstappen, həm də Rikkardo bu hadisədə eyni dərəcədə təqsirlidirlər. Bu insident baş verməməli idi. Amma pilotlar başa düşürlər ki, özlərini çox aqressiv apardılar. Daniel çox aqressiv idi, Maks isə sürəti gec azaltdı.
Mənimlə Hülkenberqin başına bu hadisə gələ bilərdimi? Komanda yoldaşları arasında belə insidentlər olmamalıdır, amma bu cür hallar həmişə baş verə bilər. Bakıda Maks və Danielin mübarizəsinin bu qədər uzun sürməsinə gəldikdə isə düşünürəm ki, komanda bizi dayandırardı”.