ELM VƏ TƏHSİL
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda rusiyalı alimin iştirakı ilə elmi seminar təşkil edilib
Bakı, 25 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda bu müəssisənin, Radiasiya Problemləri İnstitutu, Fizika İnstitutu və Rusiyanın Kurçatov İnstitutunun alimlərinin iştirakı ilə “Hidrogenin energetikası - perspektivlər və problemlər” mövzusunda elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Dilqəm Tağıyev bildirib ki, hazırda “yaşıl” enerjidən istifadə dünyanın aktual problemlərindən biridir və Azərbaycan Respublikasında iqtisadiyyatın davamlı inkişaf strategiyasında da “yaşıl” energetika, tullantısız texnologiyaların istifadəsi, təmiz ətraf mühit problemi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in tərkib hissəsinə daxil edilib.
Akademik hidrogen energetikasına diqqətin son illərdə artmasının iqlimin qorunması üçün 2015-ci il dekabrın 12-də qəbul edilmiş Paris razılaşmasının tələblərini reallaşdırmaq və qlobal temperatur artımını 2 faizdən aşağı salmaq, karbonsuz enerji daşıyıcılarına, ilk növbədə, hidrogen enerjisinə keçidi təmin etmək məqsədi daşıdığını söyləyib. Onun sözlərinə görə, alternativ və bərpa olunan enerji mənbələrinə Günəş və külək enerjisi, geotermal enerji və hidroenerji, biokütlə və hidrogen aid edilir.
Hazırda mütəxəssislərin fikrincə neft, qaz və kömürü əvəz edə biləcək və onlarla rəqabət aparmaqda ən perspektivli enerji mənbəyi hidrogendir.
Kurçatov İnstitutunun Elektrokimyəvi və hidrogen texnologiyası şöbəsinin müdiri professor Vladimir Fateyevin “Hidrogen energetikası - bu gün və sabah” mövzusunda məruzəsi dinlənilib. V.Fateyev vurğulayıb ki, hidrogen “yaşıl” və ən təmiz enerji mənbəyidir. Bu baxımdan hidrogen energetikası - hidrogenin enerji daşıyıcısı kimi, yəni enerjinin toplanması, nəqli, istehsalı və istehlakı vasitəsi kimi istifadəsinə əsaslanan enerji sahəsidir.
Professor məruzəsində hidrogenin alınması, saxlanılması və daşınması məsələlərinə toxunaraq, hər bir mərhələdə olan problemlərdən danışıb. V.Fateyev qeyd edib ki, hidrogenin alınma üsulları içərisində ən ucuz başa gələni suyun fotoelektrokimyəvi elektrolizidir. Bundan başqa, o, hidrogen energetikasının dünyanın müxtəlif ölkələrində inkişaf strategiyalarına da toxunub və Almaniya, Rusiya, ABŞ və s. ölkələrin bu istiqamətdə müqayisəli təhlilini verib.
Akademik Adil Qəribov və AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı məruzə ətrafında çıxış ediblər.
Sonda akademik Dilqəm Tağıyev Azərbaycanda hidrogen energetikasının inkişaf etdirilməsi və hazırlanan proqram haqqında, eləcə də institutda bu sahədə aparılan tədqiqatlar barədə məlumat verib. O, Kurçatov İnstitutunun Elektrokimyəvi və hidrogen texnologiyası şöbəsi ilə əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin hər iki tərəf üçün perspektivli olacağını söyləyib.