ELM VƏ TƏHSİL
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun dəstəyi ilə vebinar keçirilib
Bakı, 16 may, AZƏRTAC
AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun dəstəyi, Akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının və Azərbaycan Kimya Cəmiyyətinin təşkilatçılığı ilə vebinar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayevin moderatorluğu ilə keçirilən tədbirin qonağı ABŞ-ın “SUEZ – Water Technologies & Solutions” şirkətinin baş tədqiqatçısı Ruslan Quliyev olub.
Tədbirdə Ruslan Quliyev “Sənayedə innovativ kimya texnologiyaları” mövzusunda məruzə ilə çıxış edib. Sənayedə tullantı sularının müasir kimya texnologiyaları ilə təmizlənməsindən bəhs edən məruzəçi dünya elmində mühüm kəşflər, onların ixtiralara çevrilməsi ilə yaranan yeniliklərdən danışıb.
Akademik fəaliyyəti barədə məlumat verən Ruslan Quliyev Akkaya Qrupda çalışdığı dövrü əhatə edən, flüoressent xüsusiyyətli molekullar əsasında əldə olunan innovativ materialların alınmasına dair tədqiqatlarından bəhs edib.
Daha sonra “SUEZ – Water Technologies & Solutions” şirkətinin “Yağlı suların və ağır metallarla çirklənmiş suların innovativ təmizlənmə texnologiyası” barədə təqdimatı nümayiş etdirilib.
Tədbir vebinar iştirakçılarının interaktiv müzakirələri ilə davam edib.
Qeyd edək ki, vebinarda AMEA-nın Kimya Elmləri Bölməsi institutlarının elmi işçiləri, doktorantları ilə yanaşı, respublikanın müxtəlif təhsil və elmi müəssisələrinin tələbə və magistrantları iştirak ediblər.