ELM VƏ TƏHSİL
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun magistraturasını bitirən məzunlara diplomlar təqdim olunub
Bakı, 28 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun magistratura səviyyəsini bitirən məzunlara diplomlar təqdim olunub.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Dilqəm Tağıyev bildirib ki, 2021-ci ildə altı ixtisaslaşma üzrə 10 nəfər magistratura təhsil proqramını başa vurub və yekun dövlət attestasiyasından müvəffəqiyyətlə keçib. Onlardan 8 nəfər fərqlənmə diplomuna layiq görülüb.
Qeyd olunub ki, magistrantların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə onlar yarımştat vahidi ilə böyük laborant kimi işə qəbul olunublar. Hazırda onlardan 8-i müəssisənin laboratoriyalarında elmi-tədqiqat işləri aparır.
Akademik laboratoriya rəhbərlərinə onların kiçik elmi işçi vəzifəsinə keçirilməsi barədə göstəriş verib.
İnstitutun gənc kadrlara daim geniş imkanlar açdığını deyən akademik Dilqəm Tağıyev məzunlara doktorantura təhsili almağı, dünya elminə inteqrasiya etməyi, müasir dövrdə elmi biliklərə yiyələnmək üçün xarici dilləri yaxşı mənimsəməyi tövsiyə edib.
Sonda akademik 2021-ci ildə institutun magistraturasını bitirən tələbələrə diplomlarını təqdim edib.