MƏDƏNİYYƏT
Kaxa Kaladze: Bakı Şopinq Festivalı bütövlükdə region üçün əhəmiyyətlidir
Bakı, 4 noyabr, AZƏRTAC
Bakı Şopinq Festivalını ürəkdən alqışlayıram. Düşünürəm ki, bu festival həm Bakı, həm də region üçün əhəmiyyətli olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri festivalın saytına Gürcüstanın Baş nazirinin sabiq müavini Kaxa Kaladze deyib. Onun sözlərinə görə, festival Azərbaycanda turizmin inkişafı baxımından bütövlükdə region üçün yeni imkanlar açır: “Şopinq festivallarının əsas əhəmiyyəti ondadır ki, onu təşkil edən ölkə mədəniyyət və incəsənəti barədə, iqtisadiyyat sahəsində tətbiq edilən yenilik, bizneslə bağlı görülən işlər və inkişaf haqqında festival iştirakçılarına ətraflı məlumat vermək imkanı qazanır. Həmçinin festivalda yeni ideyalar yaranır ki, gələcəkdə onları tətbiq etməklə iqtisadiyyatı daha da inkişaf etdirmək mümkündür. Sözsüz ki, bu festivalın uğuru haqqında xoş xəbərlər eşidəcəyik və biz gələcəkdə Tiflisdə də belə bir möhtəşəm festival keçirməyə çalışacağıq”, – deyə Kaladze bildirib.