İQTİSADİYYAT
Keçən ay əsas kapitala 868,7 milyon manat yönəldilib
Bakı, 18 fevral, AZƏRTAC
Yanvarda ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 868,7 milyon manat və ya əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 12,5 faiz az vəsait yönəldilib. Sərf edilmiş vəsaitin 74,3 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 1,2 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 1,9 faiz artıb.
Ümumi sərmayənin 66,7 faizi məhsul istehsalı obyektlərinin, 23,1 faizi xidmət sahələri üzrə obyektlərin, 10,2 faizi isə ümumi sahəsi 130,1 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 66,6 faizini təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 84,1 faiz, əhalinin şəxsi vəsaitləri 5,9 faiz, bank kreditləri 5,1 faiz, büdcə vəsaitləri 4,1 faiz, büdcədənkənar fondların vəsaitləri isə 0,8 faiz olub.