REGİONLAR
Keçən il Xocalı rayonundan olan 49 ailə yeni mənzillərlə təmin edilib
Xocalı, 11 fevral, Rauf Hacıyev, AZƏRTAC
Keçən il Xocalı rayonundan olan 49 ailə, yaxud 188 nəfər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən yeni mənzillərlə təmin olunub. Bununla da rayon üzrə yeni mənzillərlə təmin olunan ailələrin sayı 4 min 199 ailə (15 min 922 nəfər), yaxud 45 faiz təşkil edib.
AZƏRTAC - ın bölgə müxbiri xəbər verir ki, bu barədə Xocalı rayonunun 2017-ci ilin sosial - iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə dair keçirilən hesabat yığıncağında məlumat verilib.
Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşan, Xocalı rayonundan olan qaçqın və məcburi köçkünlər üçün salınmış qəsəbədə keçirilən hesabat yığıncağında çıxış edən rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov qeyd edib ki, ötən il rayonun balansında olan 4 min 125 hektar daimi təhkim olunmuş torpaq sahəsindən 2 min 342 hektarı taxılçılığın inkişafı üçün fiziki və hüquqi şəxslərə uzunmüddətli icarəyə verilib. Torpaq istifadəçilərindən 6 min 900 manat icarı haqqı alınaraq rayon büdcəsinə keçirilib. Fiziki və hüquqi şəxslərlə bağlanmış uzunmüddətli icarə müqaviləsinə 2017-ci ildə əlavə və dəyişikliklər edilib. Dəyişiklikliyə əsasən 2018-ci ildən etibarən hər bir hektara 5 manat 40 qəpik olmaqla ümumilikdə 3 min hektar ərazi üçün 16 min 200 manat icarə haqqı alınaraq rayon büdcəsinə köçürüləcəkdir.
Məlumat verilib ki, 2017-ci ilin məhsulu üçün hüquqi və fiziki şəxslər tərəfindən 2 min 342 hektar taxıl sahəsi əkilib. 2 min 342 hektar sahədə taxıl biçini aparılıb. Sahələrdən 4 min 964 ton məhsul toplanıb. 2017-ci ilin yazlıq bitkiləri üçün 107 hektar kartof sahəsindən 974 ton məhsul yığılıb. 39 hektar tərəvəz sahəsindən 286,2 ton məhsul tədarük edilib.
Digər məruzə və çıxışlarda uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov hesabat yığıncağında çıxış edib. Çıxışda “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasından, aqrar sektorda aparılan islahatlardan, ixracyönümlü məhsulların istehsalındakı müsbət dinamikadan söz açılıb, dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələr diqqətə çatdırılıb.
Hesabat yığıncağının sonunda qərar layihəsi qəbul olunub, toplantı iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.