CƏMİYYƏT
Kənan Yusifzadə: Bu gün DSX-nin hərbi qulluqçu və mülki işçilərindən 23 nəfər vaksinasiya olunub
Bakı, 18 fevral, AZƏRTAC
Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçu və mülki işçilərindən 23 nəfər vaksinasiya olunub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Sərhəd Xidmətinin (DSX) Tibb Xidmətinin rəisi, polkovnik Kənan Yusifzadə fevralın 18-də jurnalistlərə açıqlamasında deyib.
Xidmət əməkdaşlarının vaksinasiyası prosesi barədə məlumat verən K.Yusifzadə bildirib: “Vaksinasiya prosesi bu gündən etibarən DSX-nin Bakı Qarnizonu, daha sonra isə hərbi hissələr üzrə kütləvi şəkildə davam edəcək. Bütün məlumatlar toplandıqdan sonra təhlil olunacaq və Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim ediləcək".
Xidmət rəisi vurğulayıb ki, sərhədçilər arasında da koronavirusa yoluxanlar olub. Hazırda 6 nəfər COVID-19 virusunun daşıyıcısıdır. Bu sayın az olmasına baxmayaraq, narahatlıq doğurduğunu vurğulayan K.Yusifzadə hazırda onların öz sağlamlıqlarına qovuşması üçün müalicə prosesinin davam etdiyini söyləyib.