İQTİSADİYYAT
Kənd Təsərrüfatı Nazirliyi builki “Caspian Agro” sərgisində ilk dəfə öz milli pavilyonu ilə təmsil olunacaq
Bakı, 14 may, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində (“Caspian Agro”) ilk dəfə olaraq öz milli pavilyonu ilə təmsil ediləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri mayın 15-17-də Bakı Ekspo Mərkəzində keçiriləcək “WorldFood Azerbaijan”, “Caspian Agro”, “Ipack Caspian” və “HOREX Caucasus” sərgilərinə həsr olunan mətbuat konfransında Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Toğrul Qafarbəyli deyib.
O qeyd edib ki, sərgi regionun ən böyük və əhəmiyyətli tədbirlərindən biridir. Dünyanın ən tanınmış şirkətləri burada öz məhsullarını nümayiş etdirəcəklər. Sərginin sahəsi 12 min 614 kvadratmetr təşkil edir ki, bu da rekord göstəricidir.
“Sərgidə Kənd Təsərrüfatı Nazirliyi ilk dəfə olaraq öz milli pavilyonu ilə təmsil olunacaq. Eyni zamanda, nazirlik tərəfindən fermerlər üçün yeni dron texnikası da nümayiş etdiriləcək. Sözügedən dronlar ölkəmizə xaricdən gətirilib”, - deyə T.Qafarbəyli əlavə edib.