REGİONLAR
Kənd Təsərrüfatı Nazirliyi meyvəçiliyin inkişafına dair Dövlət Proqramı hazırlayıb
Bakı, 7 mart AZƏRTAC
Martın 7-də Kənd Təsərrüfatı Nazirliyində “Azərbaycan Respublikasında 2019-2023-cü illərdə meyvəçiliyin inkişafına dair Dövlət Proqramı” layihəsinin ictimai müzakirəsi keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, kənd təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanda aqrar sahənin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb.
“Ölkə başçısının tapşırığı ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkədə meyvəçiliyin inkişafına dair Dövlət Proqramı hazırlanıb. Bu proqram çox vacib sənədlərdən biridir. Proqramın əsas məqsədi bu sahədə daha yüksək inkişafa, məhsuldarlığı artırmağa nail olmaqdır. Bildiyiniz kimi, meyvəçilik aqrar sahənin prioritet istiqamətlərindən biridir. Azərbaycanın iqlim şəraiti daha çox məhsuldarlıq üçün münbit şərait yaradır. Meyvəçilik ölkəyə valyuta axınına imkan verən, məşğulluğu təmin edən, əmək tutumlu önəmli bir sahədir. Müasir dünyada intensiv bağçılıqdan geniş istifadə olunur. Biz də minimum ərazilərdə maksimum məhsuldarlıq əldə etməyə çalışmalıyıq. Bu sahədə fermerlərin bilik və bacarıqlarının inkişaf etdirilməsinə ehtiyac var. Aqrar sahəyə daimi dövlət dəstəyi var. Dövlət Proqramında meyvə istehsalı sahəsində mövcud potensialdan tam istifadə edilməsi nəzərdə tutulur”, - deyə İ.Kərimov bildirib.
Nazir qeyd edib ki, Dövlət Proqramı layihəsində meyvəçiliyin regionlar üzrə ixtisaslaşması, meyvə emalı müəssisələrinin yaradılması, meyvə qurusu istehsalı sahəsinin inkişaf etdirilməsi ilə əlaqədar müvafiq tədbirlər nəzərdə tutulub.
Daha sonra İ.Kərimov fermerlərin suallarını cavablandırıb.
Tədbirdə Aqrar Tədqiqatlar Mərkəzinin iqtisadi təhlil və proqnozlaşdırma bölməsinin aparıcı mütəxəssisi Eldar Quliyev “Azərbaycan Respublikasında 2019-2023-cü illərdə meyvəçiliyin inkişafına dair” Dövlət Proqramı layihəsi ilə bağlı təqdimat edib. Təqdimatdan sonra keçirilən müzakirələrdə ölkədə meyvəçiliyin mövcud vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb, bu sahədə qarşıya qoyulan vəzifələrə, məhsuldarlığın artırılması üçün həyata keçiriləcək tədbirlərə toxunulub.
Analoji ictimai müzakirələrin mütəmadi olaraq keçirilməsi qərara alınıb. İctimai müzakirədə nazirlik təmsilçiləri, icra strukturlarının nümayəndələri və fermerlər iştirak ediblər.