CƏMİYYƏT
Kənd Təsərrüfatı Nazirliyinin məsul əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər
Bakı, 19 oktyabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri İlham Bayramov və Bitkiçilik şöbəsinin müdir müavini Seymur Səfərli Macarıstanın paytaxtı Budapeşt şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və LANDNET təşkilatının birgə təşkilatçılığı ilə keçirilmiş “Torpaqların konsolidasiyası” mövzusunda növbəti beynəlxalq tədbirdə iştirak ediblər.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, seminarda Avropa, Qafqaz və Orta Asiya ölkələrində bu sahədə mövcud vəziyyət, torpaqların konsolidasiyası üzrə qanunvericilik, strategiya, torpaqların konsolidasiyası tədbirlərinin ən yaxşı təcrübələrinin Avropa İttifaqına (Aİ) üzv dövlətlərin aqrar inkişaf proqramlarında təcəssümü, Aİ üzv ölkələrində torpaq konsolidasiya prosesləri və üsulları, ayrı-ayrı dövlətlər üzrə bu sahədə xüsusi nümunələr müzakirə olunub. Həmçinin Avropada torpaq bankları və onların fəaliyyət mexanizmləri, aqrar torpaq bazarı və Aİ-yə üzv dövlətlərdə torpaqların yenidən formalaşdırılması və təsərrüfat strukturlarının nizamlanması vasitəsilə torpaq parçalanmasını aradan qaldırmaq, torpaqların tərk edilməsinin qarşısını alan siyasət nümunələri və s. məsələlər nəzərdən keçirilib.
Qeyd edilib ki, torpaqların konsolidasiyası aclığa son qoymaq, qida təhlükəsizliyinə nail olmaq və dayanıqlı kənd təsərrüfatını təbliğ etməkdə əhəmiyyətli rol oynamaqla, BMT-nin “2030 - Dayanıqlı İnkişaf Məqsədləri”nin əsas hədəflərinə aiddir. Bunun üçün isə hər bir ölkə torpaqların konsolidasiyası sahəsində milli strategiyasını hazırlamalı və bu istiqamətdə qanunvericiliyi təkmilləşdirməlidir.
Tədbir çərçivəsində FAO-nun məsul şəxsləri ilə Azərbaycanda həyata keçirilən “Torpaqların konsolidasiyası üzrə milli strategiyanın hazırlanması və torpaqların konsolidasiyası üzrə pilot layihə”nin icra vəziyyəti, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə torpaqların konsolidasiyası istiqamətində müəyyən edilmiş tədbirlərin icrasının sürətləndirilməsi ilə bağlı müzakirələr aparılıb.