REGİONLAR
Kənd Təsərrüfatı naziri: Azərbaycanda aqrar sığorta mexanizmi dövlət-özəl sektor əməkdaşlığına əsaslanır
Bakı, 24 dekabr, AZƏRTAC
Ölkəmizdə ilk dəfə aqrar sığortanın genişmiqyaslı tətbiqi üçün hüquqi baza formalaşıb. Bu il Milli Məclis tərəfindən “Aqrar sığorta haqqında” qanun qəbul olunub, Nazirlər Kabineti Aqrar Sığorta Fondunun Nizamnaməsini və “Aqrar sığorta predmetinin tərkibini” təsdiqləyib. Bununla da Azərbaycanda aqrar sığorta mexanizmi Türkiyənin TARSİM modelinin təcrübəsi əsasında qurulur. Bu model dövlət-özəl sektor əməkdaşlığına əsaslanır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib.
Onun sözlərinə görə, dövlət aqrar sığorta orqanı vasitəsilə sığorta risklərini öz üzərinə götürəcək, bir hissəsini isə təkrar sığorta vasitəsilə yenidən özəl sektora ötürəcək. Aqrar Sığorta Fondu Nazirlər Kabinetinin “Aqrar sığorta predmetinin tərkibi” haqqında qərarında göstərilmiş məhsullar üzrə sığorta prosesində iştirak edəcək və riskin 50 faizini öz üzərinə götürəcək.
İnam Kərimov qeyd edib ki, məhsulların Aqrar Sığorta Fondu ilə özəl sığorta şirkətləri tərəfindən birgə sığortalanması investisiya risklərini azaldacaq, fermerlərə dövlət dəstəyini gücləndirəcək, məşğulluğa müsbət təsir edəcək, ərzaq təhlükəsizliyinə töhfə vermiş olacaq və sığorta bazarını gücləndirəcək. Bu baxımdan aqrar sığorta mexanizminin Azərbaycanda tətbiqinə başlanması kənd təsərrüfatının inkişafını təmin edəcək əsas amillərdən biri kimi qəbul olunmalıdır.
Nazir əlavə edib ki, dövlət dəstəyinin gücləndirilməsi sayəsində 2019-cu təsərrüfat ili yüksək nəticələrin əldə olunduğu illərdən biri sayıla bilər. Cari ilin 1 dekabr tarixinə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatında ümumi məhsul istehsalı 7,1 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 11,3 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 3,2 faiz artıb.
Yanvar-noyabr aylarında sahələrdən 3512.4 min ton taxıl yığılıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz çoxdur. Qeyd olunan dövrdə ölkə üzrə 2171.5 ton buğda (+6,3 faiz), 1015.5 ton arpa (+7,8 faiz) və 259.4 min ton qarğıdalı (+14,4 faiz) yığılıb.
Cari ildə 643,7 ton barama istehsal edilib ki, bu da keçən illə müqayisədə 25,3 faiz çoxdur. Ümumilikdə barama istehsalı üzrə əldə etdiyimiz göstərici son 21 ilin ən yüksək göstəricisidir. Bundan əlavə, 5,9 min ton tütün yığılıb ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 3,3 faiz çoxdur.
2019-cu ilin yanvar-noyabr aylarında təxminən 993,8 min ton kartof (11,7 faiz çox), 1637,6 min ton tərəvəz (13,2 faiz çox), 1075,8 min ton meyvə və giləmeyvə (7,8 faiz çox), 194,1 min ton üzüm (25,4 faiz çox) istehsal edilib, 911,3 ton yaşıl çay yarpağı (4,9 faiz çox) yığılıb, diri çəkidə ət istehsalı 2,8 faiz artaraq 476,6 min ton, süd istehsalı 2,1 faiz artaraq 1938,7 min ton təşkil edib.