REGİONLAR


Kənd təsərrüfatı naziri Salyanda vətəndaşları qəbul edib

Salyan, 14 sentyabr, Mahir Babayev, AZƏRTAC 

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənd təsərrüfatı naziri İnam Kərimov sentyabrın 14-də Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Salyan, Neftçala, Hacıqabul və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbuldan əvvəl nazir İnam Kərimov və Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyublar.

Nazir İnam Kərimov Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında yaradılan şəraitlə tanış olub.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 41 nəfərdən çox vətəndaşın müraciətinə baxılıb. Qəbula gələn vətəndaşların müraciəti əsasən fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə və digər məsələlərlə bağlı olub.

İnam Kərimov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Nazir vətəndaşlarla görüş zamanı dövlətimizin başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı son dövrlərdə imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Həmin gün Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin “Səyyar Xidmət” Qrupu rayon Aqrar İnkişaf Mərkəzinin inzibati binasında ətraf rayonlardan dəvət olunan mexanizatorlar üçün müvafiq xidmət göstərib. Belə ki, etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün 105 nəfər mexanizatorun sürücülük vəsiqələri yenisi ilə əvəz edilib, 5 nəfərin isə texnikası dövlət qeydiyyatına alınıb.

Nazir İnam Kərimov “Səyyar Xidmət” Qrupunun işi ilə maraqlanıb, mexanizatorların müraciətlərini dinləyib, lazımi tövsiyələrini verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.