REGİONLAR


Kənd təsərrüfatı naziri aqrar sahə üzrə ixtisaslaşmış startapçılarla görüşüb

Bakı, 30 sentyabr, AZƏRTAC

Kənd təsərrüfatı naziri İnam Kərimov aqrar sahədə keçirilmiş müsabiqə və yarışmaların qalibi olan startapçılarla görüşüb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə çıxış edən nazir bildirib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq bütün sahələrdə innovativ həllərin tətbiqi ilə bağlı mühüm tədbirlər həyata keçirilir. İnnovasiyaların tətbiqi Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin üç ana prinsipindən biridir. Aqrar sahədə məhsuldarlığın yüksəldilməsi və aqrar idarəetmənin təkmilləşdirilməsi məqsədilə kənd təsərrüfatında innovasiyaların təşviq və tətbiqi, aqrar startapların inkişafı, innovasiyalardan və rəqəmsal texnologiyalardan geniş istifadə olunması üçün dəstək tədbirləri davam etdiriləcək.

Görüşdə iştirak edən “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalı, “Agro X”, “Greenovation”, “Ideathon on Agrinnovation”, “Baku Food Hackathon” müsabiqəsinin iştirakçıları öz layihələri və yaratdıqları yeni məhsul və həllərin prototipləri barədə ətraflı məlumat veriblər. Tədbirdə fındıq məhsulunu toplayan qurğu, arıçılıqda “varatoz” gənəsinə qarşı mübarizə, yerli bal istehsalçıları arasında birbaşa əlaqələrin qurulması üzrə platforma, suvarmanın süni intellektlə idarəolunması avadanlığı, ağıllı istixana idarəetmə sistemi, sitrus meyvələrinin emalı üçün biotexnoloji laboratoriya, balıq yetişdirmə və hidroponik əkinçiliyin sintezinə əsaslanan sistem barədə təqdimatlar keçirilib, məhsulların prototipləri əyani nümayiş olunub.

Startap layihələrinin müəllifləri bölgələrdə keçirilən innovasiya festivallarında iştirak etdiklərini bildirib, fermerlərlə birbaşa əlaqələrin qurulmasında göstərilən dəstəyə görə Aqrar İnnovasiya Mərkəzinə təşəkkür ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.