REGİONLAR
Kəngərli rayonunda humanitar aksiya çərçivəsində səkkiz uşaq üzərində fimoz əməliyyatı aparılıb
Kəngərli, 29 noyabr, AZƏRTAC
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkim briqadası Kəngərli Rayon Mərkəzi Xəstəxanasında aztəminatlı ailələrdən olan 8 uşaq üzərində fimoz əməliyyatı aparıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, humanitar aksiya çərçivəsində aparılan bütün əməliyyatlar uğurla başa çatıb, xəstələr lazımi dərman preparatları ilə təmin olunublar.
Kəngərli rayonunun Qarabağlar kəndindən Rövşən Kazımlı, Asiman Qənbərov, Qıvraq qəsəbəsindən Elvin Xudaverdiyev övladlarının pulsuz əməliyyat olunduğuna görə minnətdarlıq edib, bütün bunları aztəminatlı ailələrə göstərilən dövlət qayğısı kimi dəyərləndiriblər.
Briqada üzvləri tərəfindən Kəngərli rayonundakı Xok kəndində isə uşaqlar kütləvi profilaktik tibbi müayinədən keçiriliblər. 30 uşağa tibbi xidmət göstərilib, aşkar edilmiş bəzi xəstələrin əlavə müayinə və müalicəsi üçün Mərkəzi Uşaq Xəstəxanasına gəlmələri məsləhət görülüb. Valideynlər arasında səhiyyə sahəsində maarifləndirici iş aparılıb, “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” haqqında məlumat verilib. Uşaqların sağlamlığının qorunmasında səhiyyə müəssisələri ilə valideynlərin birgə fəaliyyətinin zəruriliyi qeyd edilib.
Xəstələrə pulsuz dərman və sarğı materialları verilib, peyvəndlərin təqvim üzrə aparılması və dispanserizasiya işinin təşkili, tibbi sənədləşmənin düzgün həyata keçirilməsi ilə əlaqədar məntəqə işçilərinə metodiki kömək göstərilib.
Qeyd edək ki, muxtar respublikada humanitar aksiyaların mütəmadi keçirilməsi nəzərdə tutulub.