İDMAN


Keniyalı atlet marafon yürüşləri tarixində rekorda imza atıb

Vyana, 12 oktyabr, AZƏRTAC

Keniyalı atlet Eliud Kipçoqe marafon qaçışı tarixində rekord nəticəyə imza atıb. Otuz dörd yaşlı idmançı dünya tarixində ilk şəxs kimi marafon məsafəsini (42,195 km) iki saatdan az müddətdə qət edib.

AZƏRTAC xəbər verir ki, Vyanada təşkil edilən marafon ideal hava şəraitində əvvəlcədən hazırlanmış ssenari əsasında keçirilib. E.Kipçoqe marafon məsafəsini 1 saat 59 dəqiqə 40 saniyəyə başa vurub. O bu məsafəni iki saatdan az müddətə qət edən ilk insan kimi tarixə düşüb. Qaçış zamanı idmançını altı atlet qısa məsafələrdə müşayiət edib və estafeti növbəti atletlərə ötürüblər. Saatda 21 kilometr sürətlə hərəkət edən idmançı hər bir kilometr məsafəni nəzərdə tutulan 2 dəqiqə 50 saniyəlik vaxt çərçivəsində başa vura bilib.

Eliud Kipçoqe yürüşdən sonra müsahibəsində bu layihə ilə insanları ruhlandırmaq istədiyini ifadə edib.

“Rio 2016” Olimpiya Oyunlarında marafon qaçışı üzrə qızıl medalın sahibi və marafon üzrə dünya rekordunun (2:01:39) hazırkı sahibi bu uğurunu insanın ilk dəfə Aya ayaq basması ilə müqayisə edib.

Vyanada baş tutan bu yürüşdə marafon qaçışı ilə bağlı bir sıra qaydalara əməl olunmadığından dünya rekordu rəsmən qəbul edilməyəcək. Buna baxmayaraq, yüngül atletin bu nəticəsi marafon qaçışında idmançılara yeni zirvələri fəth etməyin mümkünlüyünü göstərir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.