QAN YADDAŞI
Kətan Ələkbərova: Xocalı faciəsində 20 nəfər qohumum şəhid olub
Marneuli, 9 fevral, AZƏRTAC
Xocalı faciəsindən 25 il ötür. Bu qanlı faciənin canlı şahidləri, yaxınlarını itirənlər təkcə Azərbaycanda deyil, qonşu Gürcüstanda da yaşayırlar. Onlardan biri də Marneulidə yaşayan 90 yaşlı Kətan Ələkbərovadır. Kətan Ələkbərova və onun ailə üzvləri Xocalı soyqırımı ilə bağlı qəmli xatirələrini AZƏRTAC-la bölüşüblər.
1927-ci ildə Azərbaycanda, Xocalıda anadan olan Kətan Ələkbərova Qarabağda məşhur Usubovlar və Həsənovlar sülaləsindəndir. Kətan nənə deyir: “Azərbaycandan Gürcüstana gəlin köçmüşəm. Amma Azərbaycan ilə əlaqəmi heç zaman itirməmişəm. 1992-ci ilin fevralı idi. Azərbaycandan, xüsusən Dağlıq Qarabağımızdan müxtəlif xəbərlər alırdıq. Fevralın 25-də kürəkənim Haqneti Xocalıya göndərdim. Xocalıda qardaşlarım, bacım və digər qohumlarım var idi. Fevralın 26-da səhər xəbər aldım ki, ermənilər 366-cı alayın köməyi ilə Xocalıya girib, şəhəri yerlə-yeksan edib, əhaliyə divan tutublar. Sonradan bildim ki, ermənilər qardaşlarımı, onların oğullarını əsir götürüblər. Qardaşım oğlu Rövşən Həsənov hərbçi idi. Eşitdiyimə görə, onu əsir götürüblər və qəddarlıqla, xüsusi amansızlıqla qətlə yetiriblər. Girov götürülən qohumlarıma işgəncə veriblər. Bəzilərinin gözlərini çıxarıb, bir qardaşımın qızıl dişlərini kəlbətin ilə söküblər”.
Bu xəbərlərdən sonra ağlamaqdan gözləri tutulan Kətan nənənin kürəkəni Haqnet Çıldırlı həmin gün Ağdamda olub. O deyir: “Fevralın 25-də axşam Ağdama çatdım. Gecə olduğundan qohumlarımın evində qaldım. Səhər tezdən Xocalıya gedib, qohumlarıma baş çəkəcəkdim. Lakin fevralın 26-sı səhərə yaxın saat 4 olardı, səs-küy qalxdı. Dedilər ermənilər Xocalıya hücum ediblər. Mən özüm keçmiş sovet ordusunda gizir olmuşam. Əli silah tutanlar maşınlara oturub Xocalı istiqamətində yola düşdülər. Mən də onlarla idim. Yolda meşənin qırağında dəhşətli bir mənzərə ilə qarşılaşdıq. Ayaqyalın, başıaçıq, yarıçılpaq, yaralı, əl-ayaqlarını don vurmuş insanlar meşədən çıxıb bizə tərəf gəlirdi, bəziləri sürünürdülər. Onları maşınlara oturdub, geriyə Ağdama gətirdik. Əli silahlı olanlar isə irəli getdilər. Biz bir neçə dəfə qayıdıb, yaralıları daşıdıq. Gördüklərimdən dəhşətə gəlmişdim. İnana bilmirdim ki, sıralarında xidmət keçdiyim bir ordu dinc insanlara qarşı belə vəhşiliklər edə bilər. Bu, soyqırımı idi. Bu, faşizmin ən qəddar forması idi. Bilmirəm bu faciəyə daha necə ad verim”.
H.Çıldırlı deyir ki, yarlıların və ölənlərin arasında heç bir qohumunu tapa bilməyib. Lakin sonradan məlum olub ki, qohumlarının bəziləri elə Xocalıda şəhid olub, bəziləri əsir düşüblər. Onun sözlərinə görə, arxiv materiallarında adı keçən, üzünün dərisi soyulmuş uşaq da onun yaxın qohumunun övladı olub.
Xocalı faciəsinin ağrı-acısını yaşayanlardan biri də Lətifə Şabanovadır. O, qanlı hadisədən 1 ay sonra Ağdama gəlib, əsir və girovların dəyişdirilməsi zamanı qohumlarını axtarıb. L.Şabanova deyir: “Yaxın qohumum Əlini tanımaq olmurdu, güclə danışırdı. Sonradan bildik ki, ermənilər ağzındakı qızıl dişlərini kəlbətinlə çıxardıblar. O dedi ki, qohumlarımızın bir neçəsi orada vəhşicəsinə qətlə yetirilib. Hərbçi oğlumuz Rövşən Həsənovdan isə ümumiyyətlə xəbər ala bilmədik. Onun da xüsusi qəddarlıqla qətlə yetirildiyini söylədilər.
Kətan nənənin qızı Gülnaz xanım deyir: “Qardaşlarının ölüm xəbərindən sonra anamın gözləri tutuldu. Bu yaxınlarda xüsusi əməliyyatdan sonra anamın gözləri açılsa da, qulaqları tutulub. İndi anamın bir arzusu var. Azərbaycanımızın işğal olunmuş torpaqları erməni tapdağından azad olunsun, Xocalıya piyada getsin. Bilirəm bu, onun üçün çətin olar, amma təki torpaqlarımız azad edilsin, şəhidlərimizin qanı yerdə qalmasın”.
Tbilisi Dövlət Universitetinin tibb fakültəsinin 3-cü kurs tələbəsi Alim Babayev deyir ki, nənəsindən, dayısından və digər şahidlərdən eşitdiyi, mətbuatdan aldığı xəbərlər əsasında Xocalı barədə kifayət qədər məlumatlıdır. O deyir: “Tarixdən də oxumuşuq, müharibənin öz qanunları var. Amma ermənilərin Xocalıda törətdikləri cinayət heç bir hüquqa, qanuna, insanlığa sığmır. Bunun bir adı var, soyqırımı. Fikrimcə bu da yumşaq ifadədir. Ermənilərin Xocalıda törətdiklərinin adı yoxdur. Bu, misli görünməmiş bir vəhşilikdir”. Alim Babayev tələbə yoldaşları, gənclərlə bu mövzuda tez-tez danışdığını, onları da Xocalı soyqırımı barədə məlumatlandırdığını bildirib.
Evin kiçik xanımı Aygün isə deyir: “Kətan nənəm hərdən ağlayır, hərdən də bizə nəsihət verib deyir ki, ayıq olaq. Düşmənimizi, dostumuzu tanıyaq. Çalışırıq ki, belə də edək. Biz Xocalını, orada şəhid olanlarımızı unutmamalıyıq”. Aygünün sözlərinə görə, Kətan nənə gözləri açılandan sonra rəsm çəkir, şeir də yazır:
Dərdim dəryadır, bata bilmirəm,
Gecələr uzundur yata bilmirəm.
Xocalı: ey Vətən mən səni,
Xəyallarımdan da ata bilmirəm
Qadir Allah səndən mənə bir dayaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Marneuli