ELM VƏ TƏHSİL
“Kiçik akademiya”nın üzvləri Coğrafiya İnstitutunda olublar
Bakı, 20 iyun, AZƏRTAC
Bakı şəhəri Nizami rayonunun 210 nömrəli məktəbində fəaliyyət göstərən “Kiçik akademiya”nın üzvləri AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda olublar. Tədbir institutun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə reallaşıb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Məktəblilər əvvəlcə institutun fəaliyyətini əks etdirən sərgiyə baxıblar. Gənc Alim və Mütəxəssislər Şurasının sədri Bəyimxanım Hüseynova şagirdlərə elmi müəssisədə aparılan tədqiqat işləri, müxtəlif layihələr haqqında məlumat verib. Sonra onlar institutun kitabxanasında coğrafiyaya aid yeni kitablar, atlas və xəritələrlə tanış olublar. Xəritəçilik və coğrafi informasiya şöbəsində gənc coğrafiyaçılar GİS mütəxəssisi Elvin Soltanovun məlumatını dinləyib, onun nümayiş etdirdiyi müasir texnologiyalar vasitəsilə müxtəlif məzmunlu rəqəmsal xəritələrin tərtib və çap edilməsi prosesini izləyiblər.
Tədbir institutun akt zalında davam edib.
Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru, dosent Zakir Eminov şagirdlərlə görüşüb, onlara burada görülən işlər, coğrafiya elmindəki yeniliklər və nailiyyətlər haqqında məlumat verib.
İnstitutun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin böyük elmi işçisi coğrafiya üzrə fəlsəfə doktoru, dosent Etibar Bədəlov şagirdlərə müvafiq sahə ilə bağlı məsələlərdən danışıb.
“Kiçik akademiya”nın üzvləri məktəbdə gördükləri işlərdən söz açıblar.
Məktəbin coğrafiya müəllimi Səkinə Hüseynova tədbirin təşkilinə görə Coğrafiya İnstitutunun rəhbərliyinə və Gənc Alim və Mütəxəssislər Şurasına təşəkkürünü bildirib. Belə tədbirlərin mütəmadi keçirilməsinin şagirdlərin dünyagörüşünün artmasında və peşə seçimində oynadığı rolu xüsusi olaraq vurğulayıb.