DÜNYA
Kim Çen In: KXDR yeni raket sınaqları keçirəcək
Bakı, 15 may, AZƏRTAC
Şimali Koreya lideri Kim Çen In raket sənayesinin alimlərinə və mütəxəssislərinə “yeni sınaqlara hazırlaşmaq” barədə göstəriş verib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Kİm Çen In bunu mayın 14-də keçirilən və 787 kilometr məsafə qət edən orta mənzilli “Hvanson-12” ballistik raketinin sınağından sonra bildirib.
“Birləşmiş Ştatlar və onların vassalları düzgün seçim edənədək daha dəqiq nüvə qurğuları və zərbə vasitələri hazırlamaq, həmçinin yeni sınaqlara hazırlaşmaq lazımdır”, - deyə KXDR-i güclü hərbi potensiala malik nüvə dövləti adlandıran Kim Çen In qeyd edib. O, həmçinin “ABŞ-ın hərbi təxribata əl atacağı təqdirdə Pxenyanın cavab addımı atmağa hazır olduğunu da vurğulayıb.
Şimali Koreya mayın 14-də orta mənzilli “Hvanson-12” ballistik raketinin sınağını uğurla həyata keçirib. Sınaq “iri nüvə başlığını daşımaq üçün nəzərdə tutulan yeni növ ballistik raketin taktiki və texnoloji xüsusiyyətlərini” qiymətləndirmək üçün nəzərdə tutulub.
Xatırladaq ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri KXDR-ə nüvə silahı hazırlamaqla bağlı bütün fəaliyyətləri qadağan edir. Pxenyan isə Vaşinqtonun düşmənçilik siyasəti fonunda ölkənin müdafiə qabiliyyətini artırmağa haqqı olduğunu iddia edərək bu sənədləri qəbul etmir.
ABŞ-ın BMT yanında daimi nümayəndəsi Nikki Heylinin fikrincə, KXDR-də növbəti raket sınağı Pxenyanın Koreya Respublikasının yeni Prezidenti Mun Ce-inə ünvanladığı siqnaldır.