ELM VƏ TƏHSİL
Kimyaçı alimlər bu il 19 patent alıblar
Bakı, 19 noyabr, AZƏRTAC
Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Elmi şurasında 2020-ci il üzrə şöbə və laboratoriyaların elmi və elmi-təşkilati yekunlarına həsr olunan hesabatlar dinlənilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi müəssisənin direktoru, akademik Vaqif Fərzəliyev iclas iştirakçılarına gündəlikdə duran məsələlər barədə məlumat verib. O diqqətə çatdırıb ki, koronavirus pandemiyası ilə əlaqədar hesabat dövrünün əhəmiyyətli hissəsi xüsusi karantin rejiminə təsadüf edib: “Amma bu məhdudiyyət institutun, o cümlədən elmi işçilərin elmi fəaliyyətinə təsir etməyib. İnstitutun cari ildə fəaliyyəti nəticəsində 5 mühüm nəticə - 4-ü fundamental nəzəri, 1-i isə tətbiqi işlə bağlı əldə olunub. İnstitut əməkdaşlarının 15 məqaləsi nüfuzlu xarici jurnallarda dərc edilib. Əməkdaşların apardıqları elmi tədqiqatların nəticələrinə həsr olunan məqalələrə dünya alimləri 217 istinad ediblər. Eyni zamanda, hesabat dövründə institutun elmi işçiləri 19 patent alıblar. Bu da son illərin ən yüksək göstəricisidir”.
Sonra institutun 12 laboratoriya, 3 şöbə, 1 təcrübə-sınaq stansiyası və 2 ictimai təşkilatının rəhbərləri hesabat məruzələri ilə çıxış ediblər.
Akademik Vaqif Fərzəliyev hesabatları məqbul hesab edib və növbəti ildə görülməsi nəzərdə tutulan perspektiv elmi işlər haqqında tövsiyə və təkliflərini verib. Akademik vurğulayıb ki, gələcəkdə aparılacaq tətbiqi xarakterli elmi-tədqiqat işləri respublikamızın iqtisadiyyatına uyğunlaşdırılmalıdır.
Sonda hesabatların qəbul olunması haqqında qərar verilib.