ELM VƏ TƏHSİL
Kimyaçı alimlərin məqaləsi beynəlxalq jurnalda dərc olunub
Bakı, 5 may, AZƏRTAC
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimləri AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, aparıcı elmi işçilər Samirə İmaməliyeva, Vaqif Qasımov, elmi işçi Elvin Əhmədov, Azərbaycan-Fransız Universitetinin dosenti, kimya üzrə elmlər doktoru Dünya Babanlı və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti Ziya Əliyevin həmmüəllif olduqları “Bi2 S3-Bi2 Te3-BiI3 kvaziüçlü sisteminin tədqiqi” adlı məqalə “Web of Science” və “Scopus” beynəlxalq bazalarına daxil olan “Russian Journal of Inorganic Chemistry” jurnalında dərc olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, müasir fiziki-kimyəvi tədqiqat üsulları ilə alınan nəticələr əsasında sistem üzrə bir sıra politermik kəsiklərin faza diaqramları və likvidus səthinin proyeksiyası qurulub, fazaların ilkin kristallaşma sahələri, non və monovariant tarazlıqların tipləri və koordinatları təyin olunub. Alınan yeni bərk məhlullar Raşba yarımkeçiriciləri və termoelektrik materiallar kimi böyük maraq kəsb edir.