İDMAN
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını Belarusda davam etdirəcək
Bakı, 4 iyul, AZƏRTAC
Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlaşan kişi voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını ölkə xaricində davam etdirəcək.
AZƏRTAC Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, baş məşqçi Pərviz Səmədovun komandası hazırlığın növbəti mərhələsini Belarusun paytaxtı Minskdə keçəcək.
Voleybolçularımız səfərə iyulun 9-da yollanacaqlar. Minskdə komandanın yerli yığma ilə bir neçə yoxlama matçı da planlaşdırılır. Buradakı hazırlıq iyulun 16-da başa çatacaq.
Milli isə bundan sonra Bakıya Belarus yığması ilə birgə qayıdacaq. İki komanda paytaxtda hazırlıq keçməklə yanaşı, yenidən bir neçə sınaq görüşündə gücünü yoxlayacaq.
Qeyd edək ki, mayın 15-dən hazırlığa başlayan milli “Avro-2023”ün təsnifat mərhələsində A qrupunda Türkiyə və Danimarka yığmaları ilə mübarizə aparacaq. Yığmamız V İslam Həmrəyliyi Oyunlarında isə Sudan, Mərakeş və Kamerun milliləri ilə A qrupunda qüvvəsini sınayacaq.